Asif Nəsirli ilə bağlı MƏLUMAT YAYILDI

Asif Nəsirli ilə bağlı MƏLUMAT YAYILDI

Milli Onkologiya Mərkəzi həkim-radioloq Asif Nəsirlinin ölümü ilə bağlı başsağlığı yayıb.

NOCOMMENT.az-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

“Milli Onkologiya Mərkəzinin kollektivi dərin hüznlə bildirir ki, Mərkəzin dəyərli həkimlərindən biri, şüa terapiya sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş Asif Akif oğlu Nəsirli məruz qaldığı silahlı basqın nəticəsində aldığı yaralardan 2026-cı il mayın 5-də vəfat etmişdir.


Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin şüa terapiyası şöbəsində çalışırdı. Fəaliyyətinin istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən bədxassəli şişlərin şüa terapiyası olmuşdur.

Asif Nəsirli Milli Onkologiya Mərkəzində işlədiyi müddət ərzində öz peşə borcunu ləyaqətlə yerinə yetirmiş, xüsusilə uşaq onkologiyası sahəsində yüzlərlə xəstənin sağlamlığı uğrunda yorulmadan mübarizə aparmışdır. O, yüksək peşəkarlığı, insanpərvərliyi, xəstələrə – xüsusilə azyaşlı pasiyentlərə – həssas və qayğıkeş münasibəti ilə həmkarları və pasiyentləri arasında dərin hörmət qazanmışdır.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev mərhumun həyat yoldaşına, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir.

Asif Nəsirlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Bizim Telegram səhifəsinə abunə olun