Yay aylarında nisbətən sabit qalan avtomobil bazarında payızın gəlişi ilə qiymətlərdə müəyyən dəyişikliklər gözlənilir. Xüsusilə ikinci əl avtomobil bazarında təklifin artması və mövsümi amillər bəzi modellərin ucuzlaşmasına səbəb ola bilər. Avtomobil almağı planlaşdıranlar üçün sentyabr-oktyabr ayları daha əlverişli dövr hesab olunur.
NOCOMMENT.az xəbər verir ki, avtomobil bazarı üzrə ekspert Hafiz Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, yay mövsümündə məzuniyyət və səyahətlər səbəbindən avtomobillərə tələbat nisbətən yüksək olur. Payız aylarında isə satışa çıxarılan nəqliyyat vasitələrinin sayı artır ki, bu da qiymətlərə müəyyən qədər təsir göstərir.
Ekspertin sözlərinə görə, ən çox qiymət azalması 10-15 il istismar olunmuş, mühərrik həcmi 1,5-2,0 litr olan kütləvi modellərdə müşahidə oluna bilər: "Toyota Prius", "Hyundai Elantra", "Kia Rio", "Chevrolet Cruze", "Nissan Tiida", "Opel Astra" və oxşar avtomobillərin qiymətlərində endirim ehtimalı daha yüksəkdir. Bu avtomobillər bazarda çox olduğu üçün alıcıların seçim imkanı genişlənir və rəqabət qiymətlərin aşağı düşməsinə şərait yaradır.
Hafiz Quliyev hesab edir ki, yeni avtomobillərdə ciddi ucuzlaşma gözlənilmir. Onun sözlərinə görə, buna idxal xərcləri, logistika, valyuta məzənnəsi və rəsmi dilerlərin qiymət siyasəti təsir göstərir. Bununla belə, ilin sonuna yaxın bəzi avtomobil salonlarının yeni model ili bazara çıxmazdan əvvəl anbardakı avtomobillərə müxtəlif endirim kampaniyaları tətbiq etməsi mümkündür.
Ekspert bildirib ki, ikinci əl bazarında qiymətlərə təsir edən əsas amillərdən biri təklifin artmasıdır. Avtomobilini satmaq istəyənlərin sayı çoxaldıqca alıcıların seçim imkanları genişlənir və bu da qiymətlərə müəyyən təsir göstərir. Bununla yanaşı, o vurğulayıb ki, bazarda kəskin ucuzlaşma gözləməyə dəyməz. Daha real ssenari qiymətlərin təxminən 3–7 faiz arasında dəyişməsidir.
Mütəxəssislər avtomobil almağı planlaşdıranlara tələsməməyi, bazarı bir müddət izləməyi, eyni model üzrə müxtəlif təklifləri müqayisə etməyi və texniki baxışdan keçmiş avtomobillərə üstünlük verməyi tövsiyə edirlər. Onların fikrincə, düzgün seçim edən alıcılar payız aylarında həm daha sərfəli qiymətlərlə, həm də daha geniş seçim imkanları ilə qarşılaşacaqlar.











