Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"ndan (AZAL) sərnişinlərin şikayətləri səngimək bilmir. Hər dəfə xidmət səviyyəsinin aşağı olmasından, bilet qiymətlərinin yüksək olmasından narazılıq edən sərnişinlər bu dəfə həyatlarının təhlükəyə atıldığını iddia edirlər.
NOCOMMENT.az xəbər verir ki, sfera.az-a müraciət edən sərnişinlərdən biri göndərdiyi videogörüntü və məlumatlarda AZAL-ın səhlənkarlığından və sərnişinlərin təhlükəsizliyini təmin etməməsindən şikayətlənib.
Trabzonda qalan sərnişinlər və gecikən reys...
Narazılıq iyulun 14-də həyata keçirilməli olan, lakin təxirə salınan J2-8048 nömrəli Trabzon-Bakı reysi ilə bağlı yaranıb. Rəsmi açıqlamada "texniki nasazlıq səbəbindən reys təxirə salınıb" bildirilsə də, sərnişinlərin iddiaları hadisənin daha ciddi tərəflərinin olduğunu göstərir.
Hadisə yerindən video çəkən sərnişinin sözlərinə görə, təyyarədə ciddi nasazlıq olub. Belə ki, sərnişinlərə təyyarənin əyləc sistemində problem olduğu bildirilib. Videonu lentə alan vətəndaş etirazını belə ifadə edir:
"Əgər bu təyyarənin əyləc sistemində problem var idisə, niyə bunu Bakıdan yararsız vəziyyətdə Trabzona göndərmisiniz? İnsanların həyatını necə riskə ata bilirsiniz? Belə ciddi problem varsa, niyə əvvəlcədən xəbərdarlıq edilmir və insanlar saatlarla hava limanında çarəsiz buraxılır?"
AZAL təyyarələrə düzgün texniki baxış keçirmir?
Narazılıqdan görünür ki, aviadaşıyıcının sərnişinlərə təqdim etdiyi təyyarələrin texniki vəziyyəti sual doğurur. Bir sərişin təyyarəsinin əyləc sistemi kimi ən vacib idarəetmə mexanizmində problem varsa və bu nasazlıq yalnız xarici ölkənin hava limanında aşkarlanırsa, deməli, AZAL uçuşdan öncə ciddi texniki baxış keçirmir? Təyyarə havaya qalxdıqdan sonra əyləc sistemində problem yaransaydı, baş verə biləcək faciənin miqyasını təsəvvür etmək belə qorxuludur. Dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, lakin xidməti hələ də bərbad səviyyədə qalan şirkətin bu dərəcədə səhlənkarlığa yol verməsi yolverilməz görünür.
Hava limanında çarəsiz qalan kütlə
Videogörüntülərdən də görünür ki, Trabzon hava limanının gözləmə zalında uşaqdan böyüyə onlarla insan çarəsiz vəziyyətdə qalıb. Reys saatı əvvəlcə 13:30-dan 14:30-a keçirilsə də, sonradan uçuş tamamilə ləğv edilib və sərnişinlər növbəti günə qədər gözləməli olublar.
Bilet qiymətlərini qonşu ölkələrdən qat-qat baha satan AZAL niyə sərnişinlərin təhlükəsizliyini və rahatlığını ən son plana atır? Bakıdan nasaz təyyarənin yola salınmasına icazə verən məsul şəxslər cəzalandırılacaqmı?
Mövzu ilə bağlı Sfera.az-ın sorğusunu cavablandıran AZAL-ın mətbuat xidməti bildirib ki, 14 iyul 2026-cı il tarixinə planlaşdırılan J2-8048 nömrəli Trabzon-Bakı reysi texniki nasazlıq səbəbindən təxirə salınıb. Qurumun məlumatına görə, sözügedən reysin sərnişinləri 15 iyul saat 12:21-də həyata keçirilən reyslə Bakıya yola salınıblar. Həmçinin bildirilib ki, uçuşu gözləmə müddətində sərnişinlərə aviaşirkətin qaydalarına uyğun xidmət göstərilib. AZAL əlavə məlumat almaq istəyən sərnişinlərin [email protected] elektron poçtu vasitəsilə aviaşirkətlə əlaqə saxlaya biləcəyini də qeyd edib.
Sərnişinlərin həyatı ilə "rus ruleti" oynadığı iddia edilən AZAL rəhbərliyindən xidmətə daha ciddi yanaşma gözlənilir. Mövzunu diqqətdə saxlayacağıq.











