Son illər dünyada iş saatlarının azaldılması ilə bağlı müzakirələr daha da intensivləşib. Xüsusilə işçilərin psixoloji yorğunluğu, stress səviyyəsinin artması və iş-həyat balansının qorunması məsələləri bir çox ölkələrdə yeni əmək modellərinin tətbiqini gündəmə gətirib. Aparılan araşdırmalar göstərir ki, bəzi hallarda iş saatlarının azaldılması əmək məhsuldarlığına mənfi deyil, əksinə müsbət təsir göstərə bilər. Bir sıra Avropa ölkələrində və beynəlxalq şirkətlərdə artıq 6 saatlıq iş günü və ya daha çevik iş rejimləri pilot şəkildə tətbiq olunur. Bu fonda Azərbaycanda da iş saatlarının azaldılması imkanları, əmək bazarının buna nə dərəcədə hazır olması və belə bir modelin iqtisadiyyata mümkün təsirləri maraq doğuran məsələlərdən birinə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, son illər dünyada 6 saatlıq iş günü modeli ilə bağlı müzakirələr genişlənir:
"Azərbaycanda da bu modelin gələcəkdə daha tətbiq olunub-olunmayacağı müzakirə olunan məsələlərdəndir. 6 saatlıq iş günü əvvəllər də bəzi sahələrdə tətbiq olunub. Belə ki, bəzi ağır sahələrdə qısaldılmış iş rejimi praktikası mövcud olub. Bu daha çox ağır sənaye sahələrini əhatə edirdi.
Son vaxtlar isə ümumilikdə iş saatlarının azaldılması məsələsi müzakirə olunur. Doğrudur, texnologiyaların inkişafı iş rejimlərinin dəyişməsinə təsir göstərir. Onlayn iş təcrübəsinin inkişaf etdiyi vaxtda 8-9 saatlıq ofisdə işləməyə ehtiyac olmadığı düşünülür. Əslində bunun tətbiqi böyük şəhərlərdə tıxacların azalmasına da səbəb olardı. Düşünürəm ki, bunu bir çox sahədə tətbiq etmək olar və yaxşı nəticələr də verər”.
Beləliklə, rəqəmsallaşma dövründə 6 saatlıq iş rejiminə keçid həm işçilərin rifahını yüksəldə, həm də şəhər infrastrukturunu rahatlada bilər. Yəni, texnoloji imkanlar genişləndikcə Azərbaycanda da qısa iş saatlarının tətbiqi qaçılmaz xarakter alır.










