Sosial şəbəkələrin həyatımızın hər sahəsinə nüfuz etməsi ilə bərabər, virtual məkanda nəzarətsiz və lisenziyasız fəaliyyət göstərən biznes sahələrinin yaratdığı fəsadlar da böyüməkdədir. Son dövrlər xüsusilə "Instagram" və "TikTok" kimi platformalarda "hazır dietik qidalar" adı altında müxtəlif qida paketlərinin və detoks məhsullarının satışı sürətlə genişlənir.
Havaların kəskin isinməsi ilə əlaqədar olaraq, çəki atmaq və daha yüngül, sağlam qidalanmaq istəyən insanların sayı çoxaldığı üçün bu tip məhsullara olan kütləvi maraq və tələbat da pik həddə çatıb. Bu məhsulların sosial şəbəkələrdə tanınmış bloqerlər tərəfindən geniş şəkildə reklam olunması istehlakçıların seçim imkanlarını artırsa da, eyni zamanda onların etibarlılığı və mənşəyi ilə bağlı ciddi şübhələr formalaşdırır.
Heç bir rəsmi dövlət qeydiyyatı və laborator nəzarəti olmadan, antisanitar zirzəmilərdə və ya gizli mətbəxlərdə hazırlanan bu qidaların tərkibi, saxlanma şəraiti, temperatur rejimi və gigiyenik standartlara uyğunluğu barədə alıcılara heç bir dəqiq və şəffaf məlumat verilmir. Bu gizli fəaliyyət isə istehlakçıların həm maddi cəhətdən aldadılması, həm də birbaşa kütləvi zəhərlənmə və ağır sağlamlıq riski ilə üz-üzə qalma ehtimalını maksimuma çatdırır. Sosial şəbəkələrdə "orqanik" və "sağlam qida" brendi ilə vizual bəzədilərək təqdim edilən bəzi məhsulların həqiqətən dietik, təhlükəsiz və insan orqanizmi üçün faydalı olub-olmaması hazırda cəmiyyətdə ən qorxulu müzakirə mövzularından birinə çevrilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən tanınmış dietoloq Nəzrin Seyidova bildirib ki, sosial şəbəkələrdə fərdi kuryerlər vasitəsilə qapıya çatdırılan və mənşəyi məlum olmayan qida paketləri əslində insan sağlamlığına yönəlmiş saatlı bombadır: "İnsanlar elə bilirlər ki, qutunun üzərinə 'dietik' və ya 'kalorisiz' yazılmaqla o qida sağlam olur. Tamamilə yalandır. Bu gün rəsmi nəzarətdən kənar, Dövlət Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) reyestrindən keçməyən yüzlərlə gizli sex fəaliyyət göstərir. Biz bilmirik o xörəklər hansı yağla bişirilir, tərəvəzlər necə yuyulur, ətin mənşəyi haradan gəlir. Ən dəhşətlisi isə odur ki, bu qidaların tez xarab olmasının qarşısını almaq və dadı cəlbedici etmək üçün tərkibinə gizli kimyəvi qatqılar, konservantlar və hətta hormonal preparatlar vurulur. Hər bir insanın metabolizmi, daxili xəstəlikləri, allergik reaksiyaları fərqlidir. Kliniki analizlər aparılmadan, internetdən tapılma standart menyularla qidalanmaq və bu nəzarətsiz məhsulları istehlak etmək insanı qısa müddətdə geri dönüşü olmayan ağır fəsadlarla üz-üzə qoyur".
Dietoloqun sözlərinə görə, yay aylarında bu sahədəki bioloji və gigiyenik risklər daha da qorxulu həddə çatır və insanı birbaşa reanimasiya masasına apara bilər: "Yay fəslində havanın temperaturu yüksək olduğu üçün qidaların tərkibindəki bakteriyaların çoxalma sürəti bir neçə dəfə artır. Sosial şəbəkə satıcılarının əksəriyyətinin xüsusi soyuduculu çatdırılma maşınları yoxdur, yeməklər adi plastik qablarda, isti kuryer çantalarında saatlarla yollarda qalır. Nəticədə, bədəni təmizləmək üçün alınan o detoks suları və ya hazır salatlar birbaşa kəskin toksiki zəhərlənmə mənbəyinə çevrilir. Bu məhsulların müntəzəm istifadəsi qaraciyər və böyrək çatışmazlığına, mədə-bağırsaq sisteminin tamamilə iflic olmasına, xroniki xəstəliklərin qəfil alovlanmasına və bəli, kəskin intoksikasiya nəticəsində ölümə aparıb çıxara bilər. Vətəndaşlarımızı populyar bloqerlərin yalançı reklamlarına aldanmamağa, canlarını bu virtual fırıldaqçılara təslim etməməyə çağırıram. Dövlət qurumları sosial şəbəkələrdə qeyri-qanuni qida satışı edən bu səhifələrə qarşı ən sərt cəza tədbirlərini görməli, reydləri artırmalıdır. Sağlamlıq vizual trend deyil, ciddi elmdir və hər bir səhv addımın bədəli insan həyatıdır".
Tunar,
NOCOMMENT.az










