"Azparkinq" indi də bu üsula əl atdı - Bunları bilməsəniz...

"Azparkinq" indi də bu üsula əl atdı - Bunları bilməsəniz...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində olan "Azparkinq" sisteminin fəaliyyəti və tətbiq etdiyi parklanma qaydaları son günlər cəmiyyətdə yeni bir narazılıq dalğasına səbəb olub. Sürücülər tərəfindən "parklanma tələsi" kimi xarakterizə edilən bu sistemin şəffaflığı və vətəndaş məmnuniyyətinə xidmət edib-etmədiyi ciddi şübhə doğurur. Xüsusilə parklanma nişanlarının və məlumatverici stendlərin yerləşdirilmə forması sürücülər tərəfindən "pusqu qurmaq" kimi qiymətləndirilir. "Ümid Partiyası"nın sədr müavini Tamilla Qulaminin üzləşdiyi hadisə bu problemin miqyasını bir daha ortaya qoyub. Siyasətçi qeyd edib ki, dekorativ ağacların arasında gizlədilən və demək olar ki, görünməz dərəcədə kiçik olan parklanma stendləri sürücülərin məlumatlandırılmasına deyil, onların cərimələnməsinə hesablanıb. Eyni zamanda, cərimələrin ödənilməsi prosesində yaranan texniki problemlər — ödənişin edilməsinə baxmayaraq, sistemdə "borclu" kimi qalması vətəndaşların vaxtını və əsəblərini hədər edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, parklanma siyasətinin əsas fəlsəfəsi cərimələmək deyil, şəhər nəqliyyatını tənzimləmək olmalıdır: "Təəssüf ki, hazırda tətbiq olunan praktika sürücünü qabaqcadan xəbərdar etmək əvəzinə, onun xətasını gözləmək üzərində qurulub.
Parklanma nişanları və ödəniş nömrələri əks olunan stendlər 'yol hərəkəti haqqında' qanunun tələblərinə uyğun olaraq, sürücünün maneəsiz görə biləcəyi hündürlükdə və mövqedə yerləşdirilməlidir. Əgər bir lövhə ağacların arxasında gizlədilirsə və ya uşaq boyunda qoyularaq vizual baxımdan itirsə, burada sürücünü cərimələmək hüquqi baxımdan mübahisələndirilə bilər. Agentliyin əməkdaşlarının ərazidə olub sürücüyə xəbərdarlıq etməməsi, əksinə, avtomobil park edilən kimi dərhal fotoçəkiliş aparıb cərimə yazması xidmət mədəniyyətinə uyğun deyil".

Ekspert vurğulayıb ki, rəqəmsal sistemlərin inteqrasiyasındakı qüsurlar vətəndaşın dövlət qurumuna olan etimadını sarsıdır: "Vətəndaş cəriməni 'mygov' və ya digər platformalar vasitəsilə ödəyirsə, bu, anında 'Azparkinq'in və daxili işlər orqanlarının sistemində öz əksini tapmalıdır. Əgər ödənişdən sonra cərimə hələ də ödənilməmiş kimi görünürsə, bu, sistemin xətalı işlədiyini sübut edir. Sürücülər həm 'görünməz' nişanlara görə cərimə ödəyir, həm də ödədikləri cərimənin sistemdən silinməsi üçün əlavə enerji sərf edirlər. AYNA rəhbərliyi parklanma zonalarını 'cərimə yığım məntəqəsi' kimi deyil, nəqliyyatın idarə edilməsi vasitəsi kimi görməli və ilk növbədə sürücülərin məlumatlandırılması, lövhələrin görünən yerlərdə qoyulması məsələsini həll etməlidir. Əks halda, bu narazılıqlar silsilə xarakter alacaq və qurumun fəaliyyəti şəffaflıqdan uzaq bir 'cərimə maşını' kimi yadda qalacaq".

Bizim Telegram səhifəsinə abunə olun