Bakıda 122 min bina söküləcək? - Deputat açıqladı

Bakıda 122 min bina söküləcək? - Deputat açıqladı

Genişlənən şəhərlər, artan əhali və sürətlənən urbanizasiya müasir dövrdə həm inkişaf imkanları, həm də yeni çağırışlar yaradır. Xüsusilə paytaxtda nəqliyyat sıxlığı, ekoloji problemlər, yaşayış sahələrinə artan tələbat və ərzaq təhlükəsizliyi kimi məsələlər dövlətlərin qarşısında duran əsas problemlərdən biri hesab olunur. Bu çağırışların aradan qaldırılması üçün uzunmüddətli şəhərsalma strategiyalarının həyata keçirilməsi və bölgələrin inkişafının sürətləndirilməsi vacibdir.

NOCOMMENT.az xəbər verir ki, Demokrat.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, dünyada sürətlə davam edən inkişaf prosesi yeni problemlərin də yaranmasına səbəb olur:

"Urbanizasiya, əhali sıxlığının artması, iri şəhərlərə kütləvi miqrasiya və ərzaq təhlükəsizliyi ilə bağlı risklər artıq yalnız inkişaf etmiş ölkələr üçün xarakterik deyil, Azərbaycan da bu tendensiyaların təsirini hiss edir. Bu problemlər xüsusilə Bakı şəhərində daha qabarıq şəkildə özünü göstərir. Paytaxtda əhalinin və nəqliyyat vasitələrinin sayının artması, mənzil və ərzağa tələbatın yüksəlməsi mövcud infrastruktur üzərində ciddi yük yaradır.

Onun sözlərinə görə, Bakı üzrə əhali sıxlığı ölkə ortalamasını təxminən on dəfə üstələyir ki, bu da yol hərəkətinin intensivləşməsi, atmosfer havasının çirklənməsi, yaşıllıq sahələrinin azalması və tullantıların idarə olunmasında əlavə çətinliklər yaradır.

"İqlim dəyişikliyi, sürətli şəhərləşmə və torpaq ehtiyatlarının deqradasiyası ərzaq təhlükəsizliyi baxımından da ciddi risklər formalaşdırır. Onun fikrincə, qlobal səviyyədə ərzaq istehsalı kifayət qədər olsa da, mövcud ekoloji və sosial amillər bəzi regionlarda ərzaq çatışmazlığına səbəb olur"

Deputat qeyd edib ki, mövcud problemlərin həlli məqsədilə Bakı şəhərinin 2020–2040-cı illəri əhatə edən Baş Planı hazırlanıb:

"Sənəd çərçivəsində şəhər infrastrukturunun yenilənməsi və təxminən 122 min yaşayış binasının sökülməsi nəzərdə tutulur. Bununla yanaşı, ətraf mühitin mühafizəsi, ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Bəzi dövlət qurumları və təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə köçürülməsi həm Bakının yükünün azalmasına, həm də regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə töhfə verə bilər. Belə qərarlar qəbul edilərkən həmin qurumların fəaliyyət xüsusiyyətləri və funksionallığı da mütləq nəzərə alınmalıdır”.