Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda alıcıya keyfiyyətsiz və xarab olmuş kolbasa məhsulu satılıb.
"QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alan vətəndaş NOCOMMENT.az-a bildirib ki, məhsulun kəskin qoxusundan şübhələnərək dərhal kassadakı satıcılara yaxınlaşıb. Satıcılar da məhsulun iylənmiş, köhnə və kiflənmiş olduğunu öz gözləri ilə görüb təsdiq ediblər. Alıcının haqlı israrından sonra məhsul geri qaytarılıb.
Şikayətçi haqlı olaraq xüsusilə isti yay günlərində bu cür qida məhsullarının saxlanma şəraitinə və keyfiyyətinə niyə lazımi nəzarət edilmədiyini sual altındakı qoyur. Məhsulun üzərindəki istehsal və ya istifadə tarixinin iyulun 17-ni göstərməsinə, yəni hələ bir aylıq yararlılıq müddətinin qalmasına baxmayaraq, məhsulun bu cür bərbad və xarab vəziyyətdə olması istehlakçıların sağlamlığına birbaşa təhlükə yaradır.

İsti hava şəraitində tez xarab olan qida məhsullarının soyuducu rejiminə əməl olunmadan saxlanılması və ya daşınması bu cür xoşagəlməz halların yaranmasına səbəb olur.
Məsələ ilə əlaqədar aidiyyəti qurumların marketdə yoxlamalar aparması və istehlakçı hüquqlarının qorunması istiqamətində tədbir görməsi tələb olunur.
Adıçəkilən "Bolmart" və "QoçƏt"in mövqeyini dərc etməyə hazırıq.
Sara,
NOCOMMENT.az










