Yay mövsümündə bölgələrə üz tutanların sayının artması ilə hotellərin qiymətləri də diqqət mərkəzinə düşüb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir
NOCOMMENT.az xəbər verir ki, Dübəndi Plat.az-a bildirib ki, populyar bölgələrdə yerləşmə, qidalanma və nəqliyyat xərcləri birlikdə hesablandıqda ailəvi istirahət orta gəlirli vətəndaşların əhəmiyyətli hissəsi üçün ağır maliyyə yükünə çevrilir.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1172,1 manat təşkil etsə də, bu göstərici gəlirlərin real bölgüsünü tam əks etdirmir.
Ekspert hesab edir ki, xarici ölkələrdə istirahətin daha sərfəli olması ilə bağlı formalaşmış təsəvvür daxili turizmə inamı zəiflədir.
"Bu yanaşma yerli hotelləri təkrar qonaq cəlb etməkdən daha çox, qısa yay mövsümündə maksimum gəlir əldə etməyə yönəlmiş model üzrə fəaliyyət göstərməyə sövq edir", – deyə Samir Dübəndi bildirib.
Mütəxəsis statistik göstəricilərə diqqət çəkib.
“Belə ki, 2025-ci ildə Azərbaycan vətəndaşlarının hotellərdə gecələmələrinin sayı cəmi 1,1 faiz, əcnəbilərin gecələmələrinin sayı isə 11,3 faiz artıb. Bu fərq daxili bazarın qiymət və xidmət keyfiyyətinə daha həssas olduğunu göstərir”.
Samir Dübəndi əlavə edib ki, ölkə üzrə hotellərin 2025-ci ildə orta doluluq səviyyəsinin cəmi 24,4 faiz olması hotel çatışmazlığından deyil, tələbin mövsüm və bölgələr üzrə qeyri-bərabər paylanmasından, keyfiyyətli seqmentdə rəqabətin zəif olmasından və turizm mövsümünün qısa olmasından irəli gəlir.
Mövzu ilə bağlı Plat.az Azərbaycanın turistik bölgələrində yerləşən məşhur beşulduzlu hotellərdə iki nəfərlik standart otaqların qiymətlərini və qonaqlara təqdim olunan xidmətləri araşdırıb.
Qəbələdə qiymətlər avqustun son ongünlüyündə ucuzlaşır
Qəbələdə yerləşən Gabala Garden Hoteldə 21 avqust tarixinədək iki nəfərlik standart otağın bir gecəlik qiyməti səhər yeməyi və SPA mərkəzindən istifadə daxil olmaqla, 263 manat təşkil edir. Avqustun 21-31-i tarixləri arasında isə eyni otağın qiyməti 213 manata enir. Hoteldə həftəiçi və həftəsonu tarifləri arasında fərq yoxdur.
Marxal Resort & SPA-da qiymətlər 210 manatdan başlayır
Şəkidə yerləşən Marxal Resort & SPAda 1 iyun–15 sentyabr tarixləri (bayram günləri istisna olmaqla) üzrə iki nəfərlik standart eyvansız otağın qiyməti 210 manat, eyvanlı standart otağın qiyməti isə 240 manatdır.
Digər otaq və villa qiymətləri isə qonaq və otaq sayından asılı olaraq, 280 manatdan 680 manatadək dəyişir.
Qiymətlərə səhər yeməyi, uşaq otağı və meydançasından istifadə, həmçinin hovuz, quru sauna, buxar otağı, türk hamamı və fitnes zalını əhatə edən müəyyən SPA xidmətləri daxildir.
Hotelin "Summer Vibes" kampaniyası çərçivəsində isə 31 iyul tarixinədək iki nəfər üçün 2 gecəlik paketlər 373 manatdan, 3 gecəlik paketlər isə 535 manatdan başlayır. Kampaniya iştirakçılarına əyləncə proqramları, tennis və bilyarddan ödənişsiz istifadə, bəzi xidmətlərə 10 faiz endirim, həmçinin qatarla gələn qonaqlar üçün Şəki Dəmiryol Vağzalından hotelə pulsuz transfer xidməti təqdim olunur.
Qafqaz hotellərində yay endirimləri tətbiq edilir
Qəbələdə yerləşən Qafqaz Tufandağ Hotel hazırda Azərbaycan vətəndaşları üçün 30 faiz endirim tətbiq edir. Endirimlə iki nəfərlik standart otağın bir gecəlik qiyməti səhər yeməyi və fitnes xidməti daxil olmaqla 287 manatdır.
Qafqaz Riverside Hoteldə isə 20 faiz endirim qüvvədədir. Endirimli tariflə iki nəfərlik standart otağın bir gecəlik qiyməti səhər yeməyi daxil 291 manat təşkil edir.
Quba Palace-də qiymətlər 332 manatdan başlayır
Qubada yerləşən Quba Palace Hoteldə Azərbaycan vətəndaşları üçün endirimli qiymətlə iki nəfərlik otaqların bir gecəlik qiyməti 332 manatdan başlayır.
Bu qiymətə səhər və axşam yeməyi, hovuz, SPA, türk hamamı və fitnes zalından istifadə daxildir.
Əgər ürəyinizdən qızmar yay günlərində cənub zonasında istirahət etmək keçsə, “Lənkəran Springs Wellness Resort”da avqustda qiymətlər nisbətən ucuzlaşacaq.
Belə ki, əgər iyulda həftəsonları iki nəfər üçün qiymətdən 330 manatdan başlayırsa, avqustda bu qiymətlər 310 manata düşəcək. Hazırda sözügedən beşulduzlu hoteldə standart otaqlar üçün bir gecəlik qiymət səhər yeməyi daxil 330 manat, iki dəfə qidalanma 350 manat, üç dəfə qidalanma ilə 415 manat təşkil edir. Qiymətə qidalanmadan başqa, spa, "Türk hamamı", fitness mərkəzi xidmətləri də daxildir.
Naxçıvanda otaq qiymətləri 105 manatdan başlayır
Naxçıvanda yerləşən "Saat Meydanı Hotel"də bir nəfərlik otaqların bir gecəlik qiyməti 105 manatdan, iki nəfərlik otaqların qiyməti isə 130 manatdan başlayır.
Special Room tipli otağın bir nəfərlik qiyməti 110 manat, iki nəfərlik qiyməti isə 135 manatdır. Executive Suite otağında bir nəfərin gecələməsi 195 manata, iki nəfərin gecələməsi isə 220 manata başa gəlir.
Beləliklə, təqdim olunan qiymətlər arasında iki nəfərlik otaq üzrə ən aşağı başlanğıc tarif Saat Meydanı Hoteldə 130 manat, ən yüksək standart otaq qiymətlərindən biri isə Quba Palace Hoteldə 332 manat təşkil edir.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri əlavə edib ki,daxili turizmin inkişafı üçün ilk növbədə ailə otaqları, apart-hotellər, kənd qonaq evləri, ailə hostelləri və digər münasib qiymətli yerləşmə imkanları artırılmalıdır:” Bununla yanaşı, uşaqlar üçün real endirimlər, ailə paketləri, erkən rezervasiya kampaniyaları, şəffaf xidmət tarifləri və hissəli ödəniş imkanlarının tətbiqi vacibdir”.
O, həmçinin regionlarda ictimai istirahət məkanlarının, nəqliyyat və yol infrastrukturunun, eləcə də münasib qiymətli iaşə obyektlərinin inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.
"Azərbaycanı ucuz turizm istiqamətinə çevirmək məqsəd deyil. Əsas məqsəd turistin ödədiyi məbləğin qarşılığında keyfiyyətli, etibarlı və məmnunedici xidmət almasını təmin etməkdir", – deyə o qeyd edib.












