Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur. Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial həssas qrupların rifahının yaxşılaşdırılması üçün yeni qərarlar verilə bilərmi?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə aztəminatlı sosial təbəqənin əməkhaqlarının, pensiyalarının və digər sosial ödənişlərinin artırılması üçün iqtisadi imkanlar mövcuddur.
Onun sözlərinə görə, regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran–ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub:
“Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm Dövlət Neft Fondunun daxilolmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırılmayan əlavə gəlirlərin formalaşması büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir”.
İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür:
“Hazırkı iqtisadi vəziyyət həm iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur”.
R.Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib:
“Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu, həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var”.
Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əməkhaqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əməkhaqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək. /KONKRET.az/











