Litri 3 manata satılan yağlara etibar etmək olar?

Litri 3 manata satılan yağlara etibar etmək olar?

Marketlərdə istehlakçılara müxtəlif qiymət aralığında duru yağlar təklif olunur. Qarğıdalı yağı nisbətən daha baha qiymətə satıldığı halda, günəbaxan yağının qiyməti bəzi hallarda kəskin şəkildə ucuzlaşaraq hətta 3 manata qədər enir. Bu isə istehlakçılar arasında haqlı suallar yaradır. 1 litr yağın 3 manata satılması nə dərəcədə realdır və bu qiymət keyfiyyət göstəricisi sayıla bilərmi?

NOCOMMENT.az bildirir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, istehlakçıların hüquqlarını qoruyan təşkilat olaraq birmənalı şəkildə malların ucuz və keyfiyyətli olmasının, həmçinin istehlakçıların mallara və xidmətlərə rahat əlçatanlığının tərəfdarıyıq:

"Çox yaxşı haldır ki, Azərbaycanda duru yağ istehsalçısı mövcuddur. Həmin istehsalçı yağı xaricdən xammal şəklində gətirir, burada təmizləyir və qablaşdırır. Ölkənin əmtəə bazarında duru yağın qiymətinin sabit qalmasında bu şirkətin çox böyük rolu var. Bu müsbət haldır. Əks halda Azərbaycan bazarı tamamilə xarici duru yağ bazarından asılı olardı. Qiymətin bu səviyyədə olması da normaldır, məhsul əlçatandır və istehlakçıların bununla bağlı hər hansı ciddi narazılığı yoxdur.

Lakin istehlakçılar daim palma yağı ilə bağlı mənə müraciət edirlər. Bir daha qeyd edim ki, palma yağının iki növü olur. Biri meyvəsinin lətindən, digəri isə toxumundan, yəni çərdəyindən hazırlanır. Lətindən hazırlanmış palma yağları qida üçün tam əlverişlidir və normal yağlardır. Avropa bazarından aldığım nümunəsi də ofisimizdə mövcuddur. Lakin müsəlman ölkələrində istehsal olunan bu bitki yağlarının Avropa və MDB bazarlarına çıxmaması üçün ciddi media kampaniyaları aparılır və bu proses illərdir davam edir. Yəni bu ucuz yağların bazara daxil olaraq qiymətləri aşağı salması istənilmir".

Ekspert deyib ki, Azərbaycana bu yağlar gətirilsə də, onların harada istifadə olunduğu aydın şəkildə göstərilmir:

"Qida məqsədli palma yağları normal yağlardır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır. Azad İstehlakçılar Birliyini narahat edən məsələ onların hansı sahələrdə istifadə olunmasının açıq şəkildə göstərilməməsidir. Biz istəyirik ki, harada istifadə olunursa, bu məlumat məhsulun üzərində qeyd edilsin və palma yağı ilə bağlı formalaşmış yanlış fikirlər aradan qalxsın.

Bitki yağları alan vətəndaşlar ilk növbədə məhsulun istehsal tarixinə, son istifadə müddətinə və saxlanma şəraitinə diqqət yetirməlidirlər. Bəzən məhsulun yararlılıq müddəti keçməsə də, elə şəraitdə saxlanılır ki, istehlakçı üçün zərərli hala gəlir", - deyə o qeyd edib.