Mərkəzdə kirayə, yoxsa şəhərdən kənarda ipoteka?

Mərkəzdə kirayə, yoxsa şəhərdən kənarda ipoteka?

Mənzil qiymətlərinin və kirayə haqlarının artdığı dövrdə bir çox insan şəhər mərkəzində kirayədə yaşamaq, yoxsa şəhərdən kənarda ipoteka ilə ev almaq baxımından seçim qarşısında qalır. Bir tərəfdən mərkəzdə yaşamaq işə, təhsilə və gündəlik xidmətlərə yaxınlıq baxımından üstünlük yaradır, digər tərəfdən isə şəhərdən kənarda ipoteka ilə alınan mənzil uzunmüddətli perspektivdə şəxsi əmlaka sahib olmaq imkanı verir.

Bugünkü iqtisadi şəraitdə şəhərdən kənarda ipoteka ilə ev almaq daha sərfəlidir, yoxsa mərkəzdə kirayədə qalmaq?

NOCOMMENT.az xəbər verir ki, AQC sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bu məsələnin ilk növbədə vətəndaşın gəlirləri ilə bağlı olduğunu söyləyib:



“Əgər vətəndaşın davamlı əməkhaqqı və sabit gəliri varsa, ödəniş imkanları buna şərait yaradırsa, ödənişlərini vaxtında və ardıcıl şəkildə həyata keçirərsə, müəyyən müddətdən sonra daşınmaz əmlak sahibi olacaq. Şəhərin mərkəzində uzun illər kirayədə yaşamaq isə sonda heç bir əmlak əldə etməmək deməkdir. Bu baxımdan, həmin seçim o qədər də məqsədəuyğun görünmür. Beynəlxalq təcrübədə, xüsusilə Avropa və ABŞ-də fərqli yanaşma mövcuddur. İnsanlar daha çox işlədikləri yerə yaxın ərazidə kirayə mənzil tuturlar. Onların öz mənzilləri olmaya da bilər. İş yerlərini tez-tez dəyişdikləri üçün nəqliyyat və vaxt baxımından əlçatanlığı təmin etmək məqsədilə iş yerlərinə yaxın ərazilərdə kirayədə yaşayırlar. Bu, tamamilə fərqli yanaşmadır. Azərbaycanda isə milli mentalitet fərqlidir. Cəmiyyətimizdə evinin, mənzilinin və ya torpaq sahəsinin olması insanın müəyyən mənada bir addım irəlidə olması kimi qəbul edilir. Hətta ailə qurularkən valideynlərin ilk suallarından biri qarşı tərəfin daşınmaz əmlakının olub-olmamasıdır. Bu da göstərir ki, daşınmaz əmlaka sahib olmaq Azərbaycan cəmiyyətində xüsusi əhəmiyyət daşıyır”.

İqtisadçı vurğulayıb ki, şəhərdən uzaqda yerləşsə belə, son nəticədə mənzil sahibi olmaq məqsədilə ipoteka kreditindən istifadə etmək daha məqsədəuyğundur:

“Mövcud iqtisadi şəraitdə də bu yanaşma daha doğru seçim hesab oluna bilər. Lakin gələcəkdə müəyyən islahatlar aparılarsa, əmlakın saxlanılması xərcləri və əmlak vergiləri artarsa, vəziyyət dəyişə bilər. Belə olan halda daşınmaz əmlaka sahib olmaq daha bahalı olacaq və vətəndaşlar kirayə mənzilə üstünlük verməyə başlaya bilərlər. Bir çox inkişaf etmiş ölkələrdə artıq belədir. Orada kirayədə yaşamaq, bəzi hallarda, mənzil sahibi olmaqdan daha sərfəli hesab olunur. Çünki mənzil sahibi olan şəxslər daimi texniki xidmət, təmir və əmlak vergisi kimi əlavə xərclər ödəyirlər. Bu xərclər bəzən kifayət qədər yüksək məbləğ təşkil edir. Əgər gələcəkdə kirayədə yaşamaq mənzil sahibi olub onun saxlanılması və vergilərini ödəməkdən daha sərfəli olarsa, vətəndaşların əksəriyyəti kirayə mənzilə üstünlük verəcək. Ancaq hazırda Azərbaycan cəmiyyətinin mentaliteti hələ buna tam hazır deyil.

Beləliklə, şəhərin mərkəzində kirayədə qalmaqdansa, ucqar ərazidə də olsa, öz mənzilinə sahib olmaq daha məqsədəuyğundur. Ucqar ərazilərdə nəqliyyat xərcləri, şəhər mərkəzinə əlçatanlıq və digər müəyyən çətinliklər mövcuddur. Lakin bütün bunlara baxmayaraq, daşınmaz əmlak sahibi olmaq uzunmüddətli perspektivdə həmin mənfi cəhətləri kompensasiya edir. Ən vacib məqam isə odur ki, vətəndaşın öz əmlakı olur və bu, son nəticədə daha üstün seçim hesab edilə bilər”.