Azərbaycanda Amerika ağ kəpənəyinin tırtılları kütləvi şəkildə yayılmağa başlayıb. Zərərvericilər əsasən meyvə ağaclarına ciddi zərər vurur. Bu isə istehlakçıların sağlamlığı üçün ciddi təhlükə riski yaradır.
NOCOMMENT.az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Musavat.com-a bildirib ki, zərərverici qalıqları insan sağlamlığı üçün təhlükə yarada bilər:
“Hər il Azərbaycanda, eləcə də dünyanın bir çox yerində mayın sonundan başlayaraq iyun, iyul, avqust, sentyabr və hətta oktyabrın sonuna- havalar soyuyana qədər bir çox meyvə ağaclarında Amerika ağ kəpənəyinin aktiv mövsümü olur. Bu dövrdə həmin tırtıllar daha çox nəzərə çarpır və əksər hallarda kənd təsərrüfatının məhsuldarlığına ciddi ziyan vurur. Qida təhlükəsizliyi baxımından meyvəni təmiz yuduqdan sonra istehlak etməyin hər hansı bir zərəri yoxdur. Lakin meyvələr təmiz yuyulmadan yeyilərsə, üzərində zərərvericilərin ifrazatı və tükləri qaldığı üçün bu hal gigiyenik baxımdan təhlükə yaradır və mikroorqanizmlərin toplanmasına şərait yaradır. Bu isə xüsusilə həssas və allergiya meyilli insanlarda qıcıqlanma, səpkilər və həzm sistemində narahatlıqlara gətirib çıxara bilər".
Ona görə də mütəxəssis tövsiyə edir ki, ağacdan dərilən tut, gilas, albalı və digər bu kimi meyvələr yeyilməzdən əvvəl axar suda yaxşı-yaxşı yuyilmalıdır: "Əgər meyvələrin üzərində yağış, torpaq qalıntıları, toz və ya çirk varsa, onları 5-10 dəqiqə suda saxlayıb, daha sonra əllə ovuşduraraq diqqətlə yumaq lazımdır ki, üzərində hər hansı bir çirk qalmasın. Zərərvericilərə qarşı düzgün tətbiq edilməyən kimyəvi üsullar meyvələrin üzərində təhlükəli maddələrin qalmasına yol aça bilər. Dezinfeksiyaedici kimi isə heç bir maddədən istifadə olunmaması, xüsusilə də qida üçün nəzərdə tutulmayan heç bir əlavənin edilməməsi məsləhət görülür”.
Ekspert bildirib ki, bəzən bağlarda bu qurdlara qarşı müxtəlif kimyəvi mübarizə üsullarından istifadə olunur: “Əgər sözügedən proses peşəkar şəkildə aparılmasa, düzgün doza seçilməsə və tətbiq qaydası uyğun reallaşdırılmasa, meyvələrin üzərində kimyəvi maddələrin qalıqları qala bilər. Belə ağacların meyvələrinin yığılması və ondan istifadə edilməsi sağlamlıq üçün ciddi risk yarada bilər. Bu səbəbdən bilinməyən, mənşəyi bəlli olmayan və nəzarətsiz şəkildə satılan meyvə-tərəvəzlərdən istifadə edərkən çox diqqətli olmaq lazımdır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə Lənkəran şəhəri, eləcə də rayonun Aşağı Nüvədi, Girdəni və Separadi kəndlərində monitorinqlər və mübarizə tədbirləri həyata keçirib.
Bildirilib ki, monitorinqlər zamanı AQTA-nın əməkdaşları və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən karantin tətbiq edilən təhlükəli zərərvericinin - Amerika ağ kəpənəyinin birinci nəsil populyasiyası aşkarlanıb. Bununla əlaqədar operativ mübarizə tədbirlərinə başlanılıb.










