Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir neçə şəxs təltif edilib.
Təltif olunanlar arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəyli də yer alıb.
Qeyd edək ki, Ərəstü İsa oğlu Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib.
2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyir, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavinidir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.
Ərəstü Həbibbəyli 27 iyun 2013-cü ildə Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif edilib. Müəllifin xarici siyasətin aktual mövzularına dair Azərbaycanda və xaricdə 50-yə yaxın məqaləsi çap olunub.
2018-ci ildə Baş nazirin Katibliyinin rəisi, 2024-cü ildə isə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
SARA
NOCOMMENT.az











