Şəxsi ambisiyalarla mədəniyyətə zərbə: məsuliyyətsizliyin təhlükəli həddi

Şəxsi ambisiyalarla mədəniyyətə zərbə: məsuliyyətsizliyin təhlükəli həddi

Son günlər mədəniyyət cameəsində baş verənlər göstərir ki, şəxsi narazılıqlar, emosional münasibətlər və nəfs güdmələri bəzən bütöv bir sahənin üzərinə kölgə salacaq dərəcədə genişlənə bilir. Sosial şəbəkələrdə Mədəniyyət Nazirliyinə qarşı səslənən ittihamların mahiyyətinə diqqətlə baxanda aydın görünür ki, burada sağlam tənqid yox, şəxsi hesablaşmaların ictimaiyyətə ötürülməsi var.

Mətbuatda yayılan məlumatlara əsasən, bu prosesin mərkəzində professor Vüqar Əhmədin və onun ətrafında toplanan şəxslərin dayandığı iddiaları dolaşır. Əgər bu iddialarda həqiqət payı varsa, deməli, biz mədəniyyət sahəsini daxildən çökdürən təhlükəli bir yanaşmanın şahidi oluruq: “şəxsi problemimi həll edə bilmirəmsə, onu ümumi problem kimi təqdim edim” yanaşması.

Belə davranış mədəniyyət adamına yaraşmır. Mədəniyyət yük daşıyan sahədir – inciklik, emosional manipulyasiya meydanı yox.

Şəxsi anlaşılmazlığı “xalq məsələsi” kimi təqdim etmək — mədəniyyətə xəyanətdir

Vüqar Əhmədin qızı ilə nazirlik əməkdaşı arasında yaranmış şəxsi ziddiyyət fonunda bəlkə də bir çox sənət adamlarının çağırışlara qoşulduğu deyilir. Sən demə, şəxsi incikliklər “mədəniyyət uğrunda mübarizə” şəklinə salınıb. Bu isə artıq nə mədəniyyətə, nə də elmə xidmət edir. Bu, şəxsi məsələnin altına ictimai məsuliyyət pərdəsi çəkməkdir.

Şəxsi münasibətləri cəmiyyətə təzyiq aləti kimi istifadə etmək, sənət adamlarının adlarını bu prosesə qatmaq, emosional populizmlə gündəm yaratmaq — bunlar məsuliyyətin tam əksidir.

Mədəniyyət adamı nümunə olmalıdır, qruplaşma rəhbəri yox.

Problem həll edən olmalıdır, problem istehsal edən yox.

Sənət adamlarının nüfuzundan manipulyasiya vasitəsi kimi istifadə etmək qəbuledilməzdir

Əgər doğrudan da professorun yazdığı sözləri oxuyan müğənnilərin bir qismini prosesə cəlb etməsi barədə yayılan məlumatlar doğru çıxarsa, bu artıq sadəcə “yanlış addım” deyil — nüfuzdan sui-istifadədir.

Sənət adamının nüfuzu onun sənəti üçündür, şəxsi savaşlar üçün yox.

Sənətkarın adı təzyiq aləti deyil, mədəni dəyərdir.

Bu dəyərin şəxsi intriqalara qurban verilməsi həm mənəvi baxımdan utancdır, həm də sənət ictimaiyyətinə hörmətsizlik.

Emosional açıqlamalar, sübutsuz ittihamlar – daxildən xaos yaratmaq cəhdidir

Mədəniyyət Nazirliyi kimi ölkənin ən önəmli qurumlarından birinə qarşı emosional hücumlar aparmaq, sosial şəbəkələrdə əsası olmayan ittihamlar yağdırmaq, üstəlik bunu qrup şəkilində etmək — bu, artıq məsuliyyətsizliyin pik nöqtəsidir.

Əsl tənqid faktın, sənədin, araşdırmanın, arqumentin üzərində dayanır.

Emosional qəzəbin üstünə qurulan şou isə tənqid deyil — xaos yaratmaq cəhdidir.

Mədəniyyət adamları cəmiyyətin zövqünü, düşüncəsini, mənəviyyatını formalaşdıran insanlardır. Onlardan gözlənilən odur ki, problemi böyüdüb alovlandırmasınlar, əksinə, onu sakitləşdirməyi bacarsınlar.

Mədəniyyət sahəsini şəxsi ambisiyaların poliqonuna çevirmək olmaz

Mədəniyyətə ziyan vurmaq üçün xarici düşmən lazım deyil – bəzən içəridən yaranan ziddiyyətlər daha təhlükəli olur. Şəxsi incikliklərin üstünü “ictimai ədalət” şüarı ilə örtmək, insanları prosesə cəlb etmək, sosial şəbəkələri “məhkəmə zalları”na çevirmək — bunlar mədəniyyətin gələcəyinə vurulan zərbədir.

Heç kim şəxsi maraqları naminə mədəniyyət strukturunu hədəfə ala bilməz.

Heç kim qrup təəssübü ilə mədəniyyət siyasətinə kölgə sala bilməz.

Mədəniyyət Nazirliyi tənqid oluna bilər — lakin tənqid faktla olmalıdır, intriqa ilə yox.

Xatırladaq ki, dünən tanınmış jurnalist Əli Vəliyev sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən prosesin arxasında nəğməkar şair, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd dayanır.

O həmçinin qeyd edib ki, onun qızı Almaxanım Əhmədli ilə Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva arasında yaranmış şəxsi ziddiyyət genişləndirilərək ictimai müstəviyə çıxarıb.

Səmra ABBAS
NOCOMMENT.az.