Paytaxtda mülkiyyət toxunulmazlığının pozulduğunu iddia edən vətəndaş dövlət qurumlarına qarşı sərt ittihamlar səsləndirib. Binəqədi rayonu, Binəqədi qəsəbəsi Göradil bağ massivində evi sökülən hərbçi, Silahlı Qüvvələrin veteranı, aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Bəhruz Alışov baş verənlərlə bağlı müraciət yayıb.
NOCOMMENT.az xəbər verir ki, müraciətində qanuni kupçalı mülkünün haqsız yerə hədəf alındığını deyən polkovnik-leytenant Bəhruz Alışov Binəqədi Rayon İcra Hakimiyyətini və digər qurumları tənqid edib. O, bildirib ki, mülkiyyətində olan torpaq sahəsinin Dövlət Katastr və Reyestr Xidmətindən rəsmi çıxarışı mövcuddur. İcra hakimiyyəti isə həmin ərazinin Bakı şəhərinin 2040-cı ilədək olan baş planına əsasən çoxfunksiyalı sosial-işgüzar zonaya düşdüyünü əsas gətirərək addım atıb.
Hərbçi qeyd edib ki, baş plan hazırlandığı zaman vətəndaşların mülkiyyət hüquqları nəzərə alınmalı, əgər ərazi başqa təyinata keçiriləcəksə, ya təyinatı dəyişdirilməli, ya da vətəndaşa kompensasiya ödənilməli idi. O, məsələ ilə bağlı əvvəllər də məhkəməni udduğunu, lakin hələ proses davam etdiyi halda icra strukturunun yenidən onun mülkiyyətinə müdaxilə edərək hasarı dağıtdığını vurğulayıb. Bəhruz Alışov qanuni hüquqlarını və mülkiyyət toxunulmazlığını qorumaq üçün mübarizəni davam etdirəcəyini bildirib.
Xatırladaq ki, daha əvvəl paytaxt sakini Bəhruz Alışovun çıxarışının olmasına baxmayaraq, evinin baş plana əsasən söküldüyü iddia edilmişdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyəti isə ərazinin baş plana əsasən uyğun olmayan zonada yerləşdiyini və müvafiq icazə sənədləri alınmadan tikinti aparıldığını bildirərək söküntünün qanuni həyata keçirildiyini açıqlamışdı. Lakin hərbçinin yaydığı bu sərt müraciət tərəflər arasında hüquqi müstəvisdə gərginliyi daha da artırıb.
Məsələ ilə bağlı Binəqədi rayon İcra hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlamışıq.
Məsələni diqqətimizdə saxlayacağıq.
Sara,











