“Hörümçək” ləqəbli Luka ilə bağlı ŞOK

“Hörümçək” ləqəbli Luka ilə bağlı ŞOK

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejiminin ən qorxulu simalarından biri hesab edilən, işgəncələrdə, qətllərdə və digər ağır cinayətlərdə ittiham olunan keçmiş kəşfiyyat rəhbəri Hüsam Luka Moskvada gizlənir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “BBC News” araşdırma yayımlayıb.

“Hörümçək” ləqəbi ilə tanınan Hüsam Luka Əsəd rejiminin ən nüfuzlu və qəddar xüsusi xidmət rəhbərlərindən biri sayılırdı. Vətəndaş müharibəsinin ilk illərində Homsda siyasi təhlükəsizlik strukturuna rəhbərlik edən Luka sonradan rejimin əsas kəşfiyyat qurumlarından biri olan Baş Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsinə qədər yüksəlib. O, Böyük Britaniya, ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır.

Əsəd rejimi 2024-cü ilin dekabrında devrildikdən sonra Lukanın izi itmişdi. BBC jurnalistləri Dəməşqdə onun tərk edilmiş mənzilinə daxil olaraq burada fotoşəkillər, sənədlər, müxtəlif mükafatlar və içərisində 155 telefon nömrəsi olan qeyd kitabçası aşkarlayıblar. Məhz bu materiallar keçmiş kəşfiyyatçının axtarışında əsas ipuclarından birinə çevrilib.

Araşdırma zamanı jurnalistlər Hüsam Lukanın keçmiş mühafizəçisi ilə də əlaqə yaradıblar. Onun sözlərinə görə, rejimin son saatlarında Luka Dəməşqi müdafiə etmək üçün qalacağını söyləyib. Lakin az sonra ofisindəki seyfdən böyük məbləğdə pul götürərək yoxa çıxıb. BBC daha sonra onun sürücüsünün Lukanı Dəməşqdən çıxarmış ola biləcəyini müəyyənləşdirib.

Livan hökumətindəki mənbənin BBC-yə verdiyi məlumata görə, Hüsam Luka başqa adla verilmiş Rusiya pasportundan istifadə edərək Livandan keçib və oradan Rusiyaya uçub.

Jurnalistlərin Dəməşqdəki mənzildə aşkarladıqları başqa detallar da onun Moskva ilə əlaqələrinə işarə edib. Burada Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mükafatları, eləcə də yüksək vəzifəli rusiyalı məmurun göndərdiyi Yeni il təbrik kartı tapılıb.

BBC daha sonra Hüsam Lukaya aid olduğu bildirilən Rusiya telefon nömrəsini əldə edib. Jurnalistlər həmin nömrəyə zəng vuraraq qarşı tərəfə yalnız Lukanın biləcəyini düşündükləri suallar veriblər və düzgün cavablar alıblar.

Nəhayət, telefon danışıqlarından birində Luka özü şəxsiyyətini BBC-yə təsdiqləyib. Lakin ona qarşı irəli sürülən ittihamlar barədə danışmaqdan imtina edib.

“Telefonla danışaraq risk edə bilmərəm”, - deyə keçmiş kəşfiyyat rəhbəri bildirib.

BBC bunun ardınca Luka ilə əlaqəli ikinci telefon nömrəsini də əldə edib və bir sutka ərzində həmin nömrənin Moskvanın iki şəhərətrafı ərazisində yerləşdiyini müəyyənləşdirib. Sonrakı zənglərə Luka cavab verməyib.

Suriyada qətl və işgəncədə ittiham olunur

Suriyada Hüsam Luka barəsində qəsdən adam öldürmə, işgəncə və işgəncə nəticəsində ölümə səbəb olma ittihamları ilə cinayət işi açılıb.

Suriyanın baş prokuroru Həsən əl-Turba BBC-yə bildirib ki, Lukanın həbsi üçün order ölkə daxilində yayılıb və onun beynəlxalq səviyyəyə çıxarılması istiqamətində iş aparılır. Dəməşq həmçinin Luka və keçmiş rejimin digər yüksək vəzifəli şəxslərinin yerini müəyyənləşdirərək onların ekstradisiyasına nail olmağa çalışır.

Lukanın adı xüsusilə 2015-ci ilin sentyabrında Homsda baş vermiş “Qurban bayramı qətliamı” ilə əlaqələndirilir. Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, əl-Vaer rayonuna hücum nəticəsində 28 nəfər, o cümlədən 17 uşaq və 4 qadın həlak olub. Suriyalı fəallar və həmin dövrün müxalif mediası Lukanın hücum üçün hədəflərin seçilməsində iştirak etdiyini iddia edirdi.

Əsəd rejiminin süqutundan sonra keçmiş xüsusi xidmət əməkdaşlarının məsuliyyətə cəlb edilməsi tələbləri güclənib. Lakin Hüsam Lukanın Rusiyada olması onun Suriyaya ekstradisiyasını xeyli çətinləşdirir. Moskva uzun illər Əsəd rejiminin əsas müttəfiqlərindən biri olub və rejim devrildikdən sonra Bəşər Əsədə də sığınacaq verib.

Rusiya hakimiyyəti BBC-nin Hüsam Lukanın Moskvada olması və onun mümkün ekstradisiyası ilə bağlı sorğusuna cavab verməyib./Musavat.com/