Süni intellekt əsaslı çat-botlarla uzun müddət ünsiyyət bəzi istifadəçilərin psixoloji vəziyyətinə təsir göstərə bilər. Alimlər bildirirlər ki, bu sistemlərin müəyyən xüsusiyyətləri həssas insanlarda reallığın təhrif olunmuş şəkildə qavranılması riskini artıra bilər.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma müəllifləri süni intellekt sistemlərinin istifadəçidə virtual həmsöhbətə qarşı xüsusi etibar hissi formalaşdıra biləcək üç əsas xüsusiyyətini müəyyən ediblər.
Araşdırmaya görə, ilk xüsusiyyət çat-botların istifadəçinin danışıq tərzinə uyğunlaşmasıdır. Süni intellekt insanın nitq üslubunu, emosional tonunu və ifadə formasını təqlid etdiyi üçün istifadəçidə onu daha yaxşı anlayan bir həmsöhbətlə danışdığı təəssüratı yarana bilər.
İkinci amil hiperfərdiləşdirmədir. Sistem istifadəçi haqqında daha çox məlumat topladıqca cavablarını onun maraqlarına, baxışlarına və davranışlarına uyğunlaşdırır. Bu isə bəzi insanların süni intellekti adi kompüter proqramı kimi deyil, daha fərdi və etibarlı bir varlıq kimi qəbul etməsinə səbəb ola bilər.
Alimləri ən çox narahat edən məqamlardan biri isə bəzi süni intellekt modellərinin istifadəçinin fikirlərini həddindən artıq təsdiqləməyə meyilli olmasıdır. Tədqiqat müəlliflərinin fikrincə, bu xüsusiyyət yanlış düşüncələrin möhkəmlənməsinə və məlumatlara tənqidi yanaşmanın zəifləməsinə səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu risk bütün insanlar üçün eyni deyil. Psixi pozuntuları olan, uzun müddət yuxusuz qalan, sosial təcrid yaşayan və ya bu cür problemlərə irsi meyilli şəxslər daha həssas hesab olunurlar.
Araşdırma müəllifləri psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərə pasiyentlərin süni intellekt sistemləri ilə ünsiyyət formasını da nəzərə almağı tövsiyə edirlər. Onların fikrincə, süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda bu sistemlərin insan psixikasına mümkün təsirlərinin daha geniş araşdırılması vacibdir. Lent.az











