Təxminən iki il əvvəl "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərlə cərimə məbləğləri artırıldı.
Həmçinin, bəzi qayda pozuntularına görə cərimə balları da tətbiq olunur və onların sayı çoxaldılıb.
NOCOMMENT.az xəbər verir ki, рazırda yolun ikinci hərəkət zolağında və ya piyada səkisində avtomobil saxlayan, ya da avtobus zolağına daxil olan sürücü həm də cərimə balı ilə cəzalandırılır. Bu isə sürücülərin qısa zamanda 20 bal limitinə çatmasına səbəb olur.
Baku TV mövzu ilə əlaqədar sürücülər arasında sorğu keçirib. Onlar bəzi qayda pozuntularına görə cərimə balının tətbiqini düzgün hesab etmədiklərini bildiriblər.
"Cərimə balı ləğv edilsə, yaxşıdır. Onsuz da cərimələnmək sürücülərə maddi ziyan vurur, dayanma-durma cərimə balı veriləsi qayda pozuntusu deyil", - deyə sürücülər söyləyiblər.
Nəqliyyat eksperti Elməddin Muradlı da məsələ ilə bağlı açıqlamasında bildirib ki, bəzi qayda pozuntuları üçün cərimə balını ləğv etmək, yaxud azaltmaq lazımdır:
"Bir çox sürücülər qaydanı məcburiyyətdən pozurlar. Taksi sürücülərinə yazığım gəlir. Əksəriyyətinin 17-19 balı var. Taleyin ümidinə maşın sürürlər ki, bu gün, yaxud sabah onların da sürücülük vəsiqəsi əlindən gedəcək. Bəzi qayda pozuntularında cəriməni saxlamaqla balı ləğv etmək, ya da azaltmaq olar".











