Tiktoker AZAL-ın təyyarəsinə qayçı ilə necə daxil olub? - Açıqlama+Video

Tiktoker AZAL-ın təyyarəsinə qayçı ilə necə daxil olub? - Açıqlama+Video

Sosial şəbəkələrdə tiktokerin AZAL-a məxsus təyyarənin salonuna qayçı ilə daxil olmasını əks etdirən görüntülər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, özünü bərbər kimi təqdim edən şəxs müzakirələrdən sonra həmin videonu hesabından silib və yalnız qayçısız olan görüntüləri yenidən paylaşıb.

Qeyd edək ki, AZAL-ın rəsmi saytında baqaja verilməsinə icazə verilən, amma qəti surətdə salona keçirilməsi qadağan olunan əşyalar arasında təchizat materialları da qeyd olunub ki, bu siyahıya qayçını da daxil etmək olar.

Hər halda onu da nəzərə almaq lazımdır ki, qayçı da qadağan olunmuş bıçaq kimi, soyuq silah qismində istifadə oluna bilər.

Onu da bildirək ki, təhlükəli əşyaların təyyarənin göyərtəsinə keçirilməsi qeyri-qanuni hesab olunur və qaydaları pozan şəxslər ittiham və cərimə oluna bilərlər.

****

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Xitab24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntü aidiyyəti üzrə araşdırılıb:

"Qeyd olunan sərnişin təhlükəsizlik yoxlamasından keçərkən üzərində olan əşya müvafiq qaydada yoxlanılıb və qüvvədə olan aviasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq qiymətləndirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2025-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində daşınması qadağan edilən əşyaların siyahısı”na əsasən, dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdən çox olan qayçılar qadağan olunmuş əşyalar hesab edilir.

Yoxlama zamanı sərnişində olan qayçının qeyd olunan məhdudiyyətlərə aid olmadığı müəyyən edildiyindən, qüvvədə olan prosedurlara uyğun olaraq onun əl yükündə daşınmasına icazə verilib.

Qeyd edək ki, hava limanında təhlükəsizlik yoxlamaları beynəlxalq və milli aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir. Sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin edilməsi bütün hallarda əsas prioritet olaraq qalır".