Qazaxıstan parlamentinin aşağı palatası olan Məclisin deputatı Düsənbay Turqanov Xəzər dənizinin sahil xəttinin vahid rəqəmsal xəritəsinin yaradılmasını və dəniz heyvanlarının kütləvi tələf olması hallarında dövlət qurumlarının fəaliyyətini tənzimləyən vahid mexanizmin hazırlanmasını təklif edib.
NOCOMMENT.az xəbər verir ki, deputat bununla bağlı Baş nazir Olzhas Bektenov ünvanına sorğu göndərib.
Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 2006–2025-ci illərdə ölkənin Xəzər sahillərində suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Nəticədə bəzi ərazilərdə sahil xətti 30-35 kilometr geri çəkilib. Dənizin şimal-şərq hissəsində orta su səviyyəsi isə mənfi 29 metr həddinə enib.
Deputat bildirib ki, hazırda Xəzər dənizinin hüquqi sərhədləri müxtəlif dövlət qurumlarının apardığı bir neçə uçot sistemində əks olunur və bu məlumat bazaları bir-birindən müstəqil şəkildə yenilənir. Bu isə faktiki və hüquqi sahil xətlərinin zamanla bir-birindən uzaqlaşmasına səbəb olur.
Onun sözlərinə görə, sahil xəttindəki dəyişikliklər artıq faydalı qazıntıların istismarı, investisiya layihələrinin həyata keçirilməsi və regionun ekoloji vəziyyətinə təsir göstərir.
Turqanov Xəzər suitilərinin kütləvi tələf olması probleminə də diqqət çəkib. O qeyd edib ki, bu ilin aprel ayından etibarən Manqistau vilayətinin sahillərində mütəmadi olaraq ölü suitilər aşkarlanır. Daha əvvəl, 2024-cü ilin payızında isə sahildə təxminən 2 min ölü Xəzər suitisi tapılmışdı.
Deputat problemin həlli üçün peyk, hidroloji və geodeziya məlumatları əsasında Xəzər dənizinin vahid elektron sahil xəritəsinin hazırlanmasını, onun dövlət torpaq kadastrı və yerin təki istifadəsi sistemlərinə inteqrasiyasını təklif edib.
Bununla yanaşı, suitilərin, balıqların və quşların kütləvi tələf olması hallarında dövlət qurumlarının fəaliyyətini tənzimləyən vahid fəaliyyət alqoritminin hazırlanmasının vacibliyini vurğulayıb.
Turqanov həmçinin dəniz səviyyəsinin avtomatlaşdırılmış monitorinq sisteminin yaradılmasının sürətləndirilməsinə və Xəzər suitilərinin ölüm səbəbləri ilə bağlı araşdırmaların nəticələrinin ictimaiyyətə açıqlanmasına çağırıb.
Qeyd edək ki, alimlərin proqnozlarına görə, yaxın 50 il ərzində Xəzər dənizində suyun səviyyəsinin azalması davam edəcək. Bu proses beş sahilyanı ölkədə milyonlarla insanın həyatına təsir göstərə və regionun unikal ekosisteminə ciddi zərər vura bilər./modern.az/











