Yeni yaradılacaq Media və Yayım Şurasının vəzifələri qanunla müəyyənləşir.
NOCOMMENT.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Şuranın vəzifələri aşağıdakılarıdır:
- media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
- dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
- jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
- əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
- audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
- media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
- bu Qanunun 47.1.9-3-cü, 47.1.9-5-ci və 47.1.9-7-ci maddələrində nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
- media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
- media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
- informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
- mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
- media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
- Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
- Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;
- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
- “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş vermək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;
istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
- səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək.











