ABŞ Prezidenti Donald Trampın olduğu helikopter havaya qalxarkən hava limanında uçuşların dayandırılmaması təhlükəsizlik insidenti kimi araşdırılır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) adının açıqlanmasını istəməyən nümayəndəsi hadisənin ciddi nəticələr doğura biləcəyini bildirib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, adları açıqlanmayan mənbələr məsələ ilə bağlı bəzi təfərrüatları bölüşüblər.
Mənbələrin sözlərinə görə, Trampı daşıyan prezident helikopteri Marine One ötən gün Ağ evdən havaya qalxıb. Lakin həmin vaxt hava hərəkətini idarəetmə dispetçerləri yaxınlıqdakı Ronald Reyqan Vaşinqton Milli Hava Limanında mülki aviareysləri dayandırmayıblar.
Bildirilib ki, təhlükəsizlik qaydalarına əsasən, prezident helikopterinin havaya qalxması və enməsi zamanı ətraf hava məkanında digər uçuşlar müvəqqəti məhdudlaşdırılmalıdır. Əks halda, helikopterlə digər hava gəmiləri arasında təhlükəsiz məsafənin qorunmasına təminat vermək çətinləşə bilər.
Mənbələr qeyd ediblər ki, FAA hazırda Marine One heyəti ilə Ronald Reyqan Hava Limanının hava hərəkətini idarəetmə xidməti arasında aparılmış danışıqları araşdırır və hadisəni təhlükəsizlik baxımından qiymətləndirir.
FAA-nın adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib ki, vəziyyət ağır nəticələrə gətirib çıxarmasa da, təhlükəli idi. Onun sözlərinə görə, Marine One havaya qalxarkən heç bir mülki təyyarə ilə təhlükəli dərəcədə yaxın məsafədə uçmayıb.
Ağ evin sözçüsü Kuş Desai isə açıqlamasında prezident helikopterini idarə edən pilotların dünyanın ən peşəkar aviasiya mütəxəssisləri arasında olduğunu vurğulayaraq, Prezident Donald Trampın hadisə zamanı heç bir təhlükə ilə üzləşmədiyini bildirib.
Qeyd edək ki, FAA 2025-ci il yanvarın 29-da Ronald Reyqan Vaşinqton Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə hərbi helikopterin havada toqquşması nəticəsində 67 nəfərin həlak olduğu qəzadan sonra eyni vaxtda həyata keçirilən təyyarə və helikopter uçuşlarının sayına məhdudiyyət tətbiq etmişdi.










