Yüksək vəzifəyə təyin edilən Cahangir Fərəcullayev KİMDİR? - DOSYE

Yüksək vəzifəyə təyin edilən Cahangir Fərəcullayev KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan futbol idarəçiliyində növbəti mühüm addım atılıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA İcraiyyə Komitəsinin qərarı ilə UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib. Bu təyinat Azərbaycanın Avropa futbol ailəsindəki mövqeyinin möhkəmlənməsi və yerli kadrların beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Cahangir Fərəcullayevin fəaliyyət trayektoriyası və peşəkar dosyesi onun bu vəzifəyə təsadüfən gəlmədiyini təsdiqləyir. 1981-ci il təvəllüdlü Fərəcullayev Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomları ilə bitirdikdən sonra, uzun illər biznesin inkişafı, marketinq və idman menecmenti sahələrində uğurlu idarəçilik təcrübəsi toplayıb. O, 2019-2020-ci illərdə “Caspiantech” və “Topaz” şirkətlərinin baş direktoru kimi idman mərc oyunlarının idarə olunmasında yeni yanaşmalar tətbiq edib, 2021-2025-ci illərdə isə “Azərlotereya” ASC-də rəhbər vəzifələrdə çalışaraq idarəçilik bacarıqlarını daha da təkmilləşdirib.

2025-ci ilin fevralından AFFA-nın baş katibi vəzifəsini icra edən Fərəcullayev qısa müddət ərzində yerli futbolun idarəçiliyində şəffaflığın artırılması, struktur islahatları və futbolun brend kimi inkişafı istiqamətində ciddi uğurlara imza atıb. Onun rəhbərliyi dövründə AFFA-da müasir menecment standartlarının tətbiqi və kommersiya potensialının artırılması prioritet istiqamətlər kimi müəyyən olunub.

FIFA-nın beynəlxalq sammitlərində Azərbaycanı təmsil edən Fərəcullayevin UEFA Marketinq Məsləhət Komitəsindəki üzvlüyü, onun biznes və marketinq yönümlü strateji baxışlarının Avropa futbol qurumları tərəfindən yüksək qiymətləndirildiyini göstərir.