Gözlənildiyi kimi, “böyük yeddilərin” (G7) Fransada başa çatan toplantısında əsas müzakirə mövsüsü Rusiya-Ukrayna müharibəsi olub. “Böyük yeddilərin” liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi vacibliyindən danışıblar. Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putinlə dialoq tərəfdarı olan ABŞ Prezidenti Donald Tramp Moskvaya qarşı təzyiqin artırılmasına etiraz etməyib. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenski sammitin nəticələrindən razı qalıb. Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasını sammitin mühüm nəticəsi hesab etmək olar. İndi əsas məsələ bu razılaşmanın qısa müddətdə yerinə yetirilməsini təmin etməkdir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, “böyük yeddilərin” toplantısına bu ölkələrlə tərəfdaş olan dövlətlərin liderləri də dəvətli idilər: "Fransa Prezidenti Emmanuel Makron sammitə Çin lideri Si Cinpini də dəvət etməyi planlaşdırırdı. Ancaq bunun üçün “böyük yeddilərin” ortaq qərarı olmalı idi. “Böyük yeddilərin” üzvü olan Yaponiya üçün Çinin sammitdə iştirakı qəbuledilməz idi. Digər tərəfdən Çin lideri Fransadakı müzakirələrə dəvət alsaydı belə, onun sammitə qatılacağını söylemək çətin idi. Çünki Çin lideri sammitdə Rusiya əleyhinə müzakirələrdə iştirak etməyəcəkdi. Digər tərəfdən Fransadakı sammitdə nadir torpaq elementlərinin istismar qaydaları müəyyənləşdirilib. Bəllidir ki, dünya üzrə nadir torpaq elementlərinin təxminən 70 faizinə malik olan Çin bunların ixracını xeyli məhdudlaşdırıb. Bu səbəbdən “böyük yeddilər” Çindən asılılığı azaltmaq üçün alternativ mənbələr axtarışındadırlar. “Böyük yeddilər” nadir torpaq elementlərinin istismarı sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər".
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp fürsətdən istifadə edərək Fransada ikitərəfli görüşlər keçirib: "Bunlardan biri Fransadakı sammitə dəvət olunan Hindistanın baş naziri Narendra Modi ilə olub. Donald Tramp Prezident seçildikdən sonra Hindistanın siyasətini tənqidi ilə yadda qalmışdı. Ancaq Ağ Ev sahibi bu dəfə baş nazir Narendra Modi ilə danışıqları müsbət qiymətləndirib. Tramp ortaq mətbuat konfransında hətta deyib ki, Hindistana hücum olarsa, Vaşinqton Yeni Dehliyə hərtərəfli dəstək verməyə hazırdır. İki lider Hörmüz boğazı ətrafındakı vəziyyəti də müzakirə ediblər. Məsələ burasındadır ki, Hörmüz boğazının atəş altında qalmasından əziyyət çəkən ölkələrdən biri də Hindistan olub. Bu boğazda atışmalar nəticəsində Hindistanın dənizçiləri həlak olublar. Digər tərəfdən Hindistan üçün nəzərdə tutulan neftlə dolu tankerlər boğazda ilişib qalmışdılar. Ona görə də Vaşinqton-Tehran razılaşması Hindistan üçün əhəmiyyətlidir. Ancaq boğaz tezliklə yenidən açılsa belə, qlobal neft və qaz tədarükünün sabitləşməsi aylar çəkə bilər. Trampın Yeni Dehlinin siyasətini tərifləməsinə baxmayaraq, iki ölkə arasında ticarət sazişinin imzalanmasına ehtiyac var. Tramp razılaşmaya yaxınlaşdıqlarını bildirsə də, bu ilin fevral ayından başlayan danışıqlar hələ yekunlaşmayıb".
Tunar,











