Deputatın Qarabağda adına küçə verilməsini istədiyi erməni Vanyan kimdir?backend

Deputatın Qarabağda adına küçə verilməsini istədiyi erməni Vanyan kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa Qarabağda küçələrdən birinə erməni hüquq müdafiəçisi Georgi Vanyanın adının verilməsini təklif edib. Fazil Mustafanın bu təşəbbüsü müzakirələrə səbəbə olub. 

Bəs, son günlər personası ətrafında qızğın müzakirələrin aparıldığı Georgi Vanyan kimdir?

NOCOMMENT.az Yenisabah.az-a istinadla xəbər verir ki, Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan 1963-cü ildə Ermənistanda anadan olub.

O, sülh tərəfdarı olduğu, Ermənistanın Azərbaycanla barışığının vacibliyini tez-tez vurğuladığı üçün çox vaxt öz ölkəsində xain kimi damğalanıb. 

Vanyan vaxtilə Ermənistanda Azərbaycan filmlərinin festivalını keçirməyi və Xocalıya görə Ermənistanın üzr istəməsini təklif etdiyi üçün onu ölümlə hədələmişdilər. Georgi Vanyan uzun illər idi həmyerlilərini Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa çağırış etmişdi.

Erməni hüquq müdafiəçisinin Azərbaycandan ən yaxın dostu isə politoloq Zərdüşt Əlizadə olub. Onlar dəfələrlə Rusiyada, Gürcüstanda bir araya gəliblər. Hətta 2018-ci ildə o, dostunun dəvətilə Azərbaycana da səfər etmişdi. O, Azərbaycana dostu Zərdüşt Əlizadəni ziyarət etmək üçün gəldiyini və buradan Azərbaycanla Ermənistan arasında artıq həqiqi sülh prosesinin başladılması gərəkdiyi çağırışı etmək istədiyini bildirirdi. Həmin vaxt görüş qapalı keçmiş və mediada çox işıqlandırılmamışdı. 

Uzun illər boyunca Vanyan soydaşlarını azərbaycanlılarla barışmağa və Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etməyə çağırıb. O, həmçinin Xocalı soyqırımını pisləyən ilk erməni olub. Bu səbəbdən Vanyan təqib edilirdi, o, Yerevanı tərk etmək və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Zərdüşt Əlizadənin sözlərinə görə, Vanyanı son illər hər vasitə ilə pisləməyə, gözdən salmağa, əzməyə çalışırdılar. Saxta vətənpərvərlik şüuarları ilə qışqırırdılar ki, guya Georgi Vanyan Azərbaycanın casusudur, satqındır. Hətta qızının qrup yoldaşları onu təhqir, təqib etməyə çalışırdılar ki, atası casusdur. Ancaq Georgi Vanyan öz əqidəsindən dönməyib. Ailəsinin gələcəyini düşünərək ayrılıq qərarı alıb, evini qızları və həyat yoldaşına qoyub, özü isə bir kümə alıb orda yaşamağa başlayıb.

Onu  işdən qovub, saytını və QHT-sini bağlayıblar.

Son illərdə ağır sosial durumuna görə taksi sürücüsü kimi çalışıb. Azərbaycanlı politoloqun sözlərinə görə, o zaman belə, G.Vanyan öz sərnişinlərinə sülhü təbliğ edirmiş.

Vanyan Qarabağ konfliktində dəfələrlə haqqın tərəfdarı olduğu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O, ermənilərdən fərqli olaraq, saxta tarixi dəlillərlə deyil, əsl sübutlarla Cənubi Qafqazda yaşayan iki xalqın doğru mövqeyini ortaya qoyurdu. Bu cür fikirlərinə görə, erməni ictimaiyyətində disident hesab olunurdu və Ermənistan hakimiyyəti tərəfindən davamlı təqiblərə məruz qalırdı.

Nəhayət, 2021-ci il oktyabrın 15-də Vanyan Tbilisidəki xəstəxanaların birində vəfat edib. Belə ki, Vanyan Ermənistana çəkilişə dəvət edilib, oradan qayıdarkə koronavirusa yoluxub. Bundan əvvəl onda pnevmaniya olub və ciyərləri artıq tab gətirə bilməyib.

Dostlarına son sözlərindən biri bu olub ki, Paşinyan və Əliyev 3-cü ölkənin iştirakı olmadan, təkbətək görüşüb, bu qanlı müharibəyə son qoymalıdır.