“Bura emalatxana otağıdır. İçəridə filmlərdə istifadə olunan bığ, saqqal, parik toxunur. Yəni sırf mənə məxsus otaq deyil. Azərbaycan Kinostudiyasında fəaliyyət göstərən qrim ustaları da həmin otaqda çalışırdı. Təkcə məni otaqdan çıxarmayıblar. Ümumi otağı götürüblər və içindəki bütün əşyaları boşaldıblar”.
NOCOMMENT.az xəbər verir ki, bunu qrim rəssamı, qrim ustası, aktyor, Əməkdar mədəniyyət işçisi Elbrus Vahidov deyib.
O bildirib ki, qrim otağını boşaldıb, qapısını da bağlayıblar:
“İçəridə təmizlik işləri gedir. Lakin nə üçün etdikləri məlum deyil. Qapısını da bağlayıblar. İki aydır ki, boş qalıb. Heç nə başa düşə bilmirəm. Heç bir səbəb deyilmir. Hərə bir fikir səsləndirir. Bizə bildirdilər ki, bir həftə vaxt veririk bütün əşyalarınızı boşaldın. Mən də maşinkalarımı, əşyalarımı götürüb balaca bir otağa yığmışam. Bacardığımı yerləşdirdim. Qalanı da qaldı”.
E.Vahidovun sözlərinə görə, həmin otağı başqasına icarə verməyə çalışırlar:
“Stolu doğramaq məsələsi də belədir ki, böyük bir stol var idi. Üzərində bığ, saqqal, parik toxuyurduq. Tək mənə deyil, bir neçə şəxsə aid idi. Çox böyük olduğu üçün otaqdan doğrayaraq çıxardıblar. Həmçinin divan-kresloları da götürüblər. Qısası otağı təmiz boşaltdılar. Hərdən bir gedib baş çəkirəm. Nəsə deyəndə də bildirirlər ki, pensiyaçı adamsan, get otur evdə”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) və “Azərbaycanfilm” Kinostudiyasına sorğu ünvanlamışıq./yenisabah/










