Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
NOCOMMENT.az-ın məlumatına görə, vətəndaşlar Fondun rəsmi saytında qeydiyyatdan keçərək şəxsi kabinet yaradır, daha sonra onların gəlir və kredit tarixçəsi yoxlanılır. Təhlillərdən sonra kabinet aktivləşdirilir və satışa çıxarılan mənzillərə müraciət etmək imkanı yaranır.
Belə ki, bu sistem çərçivəsində vətəndaşlar aylıq kirayə haqqının 12 mislini ilkin ödəniş kimi ödəyərək mənzil əldə edə bilirlər. Məsələn, aylıq kirayə haqqı 925 manat olan mənzil üçün ilkin ödəniş təxminən 11 100 manat təşkil edir. Sonrakı mərhələdə isə vətəndaş aylıq ödənişlərini davam etdirir və müqavilə müddətinin sonunda mənzil onun mülkiyyətinə keçir.
Layihənin əsas şərtlərinə əsasən, müqavilə müddəti 3 ildən 25 ilə qədər dəyişir. Müraciət edən şəxsin yaşı 60-dan aşağı olmalı, son ödəniş tarixinədək isə 70 yaşı keçməməlidir. Bundan əlavə, müraciət edən şəxs Azərbaycan vətəndaşı olmalı, məhkumluğu olmamalı və rəsmi gəlirə malik olmalıdır.
Qeyd olunur ki, müqavilə bağlandıqdan bir il sonra kirayə hüquqları və öhdəlikləri başqa şəxsə ötürülə bilər.
Ekspertlər bildirirlər ki, bu layihənin əsas üstünlüyü müraciət edənlərin sayının müəyyən mərhələlərdə nisbətən az olmasıdır ki, bu da mənzil əldə etmə şansını artırır.
Qeyd edək ki, yeni mənzillər seçim üçün 28 aprel 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq.










