Dolu meyvə bağlarını da VURDU – Qıtlıq və bahalaşma…backend

Dolu meyvə bağlarını da VURDU – Qıtlıq və bahalaşma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baharın gəlişi ilə canlanan kənd təsərrüfatı sektoru son günlərin hava şıltaqlığı səbəbindən ciddi itkilərlə üzləşib. Ölkənin müxtəlif bölgələrində, xüsusilə meyvəçiliyin mərkəzi sayılan rayonlarda müşahidə olunan aramsız yağışlar və intensiv dolu düşməsi meyvə ağaclarına bərpaolunmaz ziyan vurub.

Alça, gilas, ərik və şaftalı kimi çəyirdəkli meyvələrin çiçəkləmə və bağlama dövrünə təsadüf edən bu təbiət hadisəsi, məhsulun həm kəmiyyətini, həm də keyfiyyətini sual altına qoyub. Fermerlərin bildirdiyinə görə, dolu dənələri nəinki barı yerə töküb, həm də ağacların zoğlarını zədələyərək gələcək məhsuldarlığa da mənfi təsir göstərib. Bu vəziyyət artıq bazarlarda “meyvə qıtlığı olacaq” qorxusunu yaradıb və mövsüm öncəsi qiymət artımı üçün zəmin hazırlayıb.

Məsələ ilə bağlı kənd təsərrüfatı eksperti Cəfər İbrahimli NOCOMMENT.az-a bildirib ki, cari ilin məhsuldarlıq proqnozları hava şəraitinə görə yenidən nəzərdən keçirilməlidir: “Dolu düşməsi kənd təsərrüfatı üçün ən riskli hadisələrdən biridir, çünki o, bir neçə dəqiqə ərzində bütün illik əməyi məhv edə bilər. Xüsusilə alça və gilas kimi bazarda tez görünən meyvələrin zədələnməsi, mövsümün əvvəlində təklif edilən məhsulun həcmini minimuma endirəcək”.

Onun sözlərinə görə, məhsul azlığı birbaşa qiymətlərə diktə edəcək: “Təklif tələbi qarşılamayanda bahalaşma qaçılmaz olur. Biz bu il gilas və alçanın satış qiymətində ötən illə müqayisədə ən azı 30-40% fərq görə bilərik. Keyfiyyətli məhsul tapmaq isə daha da çətinləşəcək, çünki dolu vuran meyvənin saxlama müddəti və əmtəə görünüşü kəskin aşağı düşür”.

Cəfər İbrahimli qeyd edib ki, bu hadisə həm də aqrar sığortanın əhəmiyyətini yenidən gündəmə gətirir: “Fermerlərimiz hələ də təbiət hadisələrindən sığortalanmağa meyilli deyillər, bu isə belə hallarda onların tamamilə gəlirsiz qalmasına səbəb olur. Bazarda isə biz ‘süni bahalaşma’ deyil, obyektiv məhsul qıtlığından doğan qiymət artımı ilə qarşılaşacağıq. Əgər qeyri-sabit hava dalğası davam edərsə, bu, təkcə daxili bazara deyil, həm də meyvə ixracatımıza ciddi təsir göstərəcək”.

Ekspertin qənaətinə görə, istehlakçılar bu yay meyvəni daha baha almağa hazır olmalı, fermerlər isə itkiləri minimuma endirmək üçün dərhal aqrotexniki qulluq və müalicə tədbirlərinə başlamalıdırlar.

Tunar,
NOCOMMENT.az