ABŞ-də təxminən 100 pişik oğurlayan kuryer qadın həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Bildirilib ki, 77 yaşlı Geyl Custino iyulun 20-də evində antisanitariya şəraitində saxlanılan təxminən yüzə yaxın pişik aşkar edildikdən sonra saxlanılıb. Müstəntiqlərin sözlərinə görə, işlək kondisioneri olmayan binanın içərisində temperatur 40 dərəcədən çox olub, döşəmələr isə qalın nəcis təbəqəsi ilə örtülüb. Bəzi pişiklərin yenidən yeriyə bilməsi üçün pəncələrini bərkimiş nəcifdən azad etmək lazım gəlib.
Şerifin məlumatına görə, evin sahibi 2014-cü ildən bəri heyvanların saxlanılması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, vəziyyət yalnız pisləşib. Qadına qarşı heyvanlarla rəftara görə qəddarlıq və onları zəruri şərait olmadan saxlamaq ittihamları irəli sürülüb.
Polisdən qeyd edilib ki, amerikalı qadın heyvanlara kömək etdiyinə səmimi qəlbdən inanıb, lakin onun hərəkətləri onların əzab çəkməsinə səbəb olub. Hüquq-mühafizə orqanları onun lazımi psixiatrik yardım alacağına da ümid edirlər.
Sığınacaq əməkdaşları bildiriblər ki, xilas edilən pişiklərin bir çoxu ağır psixoloji vəziyyətdə olub və demək olar ki, insanlara reaksiya verməyiblər. Lakin bir neçə gündən sonra onlar ətrafdakılara maraq göstərməyə, miyovuldamağa və diqqət axtarmağa başlayıblar.
Ev heyvanlarının bəziləri artıq əsl sahiblərinə qayıdıblar. Belə ki, Florida sakini Lin Nqyen yeddi ay sonra ilin əvvəlindən bəri axtardığı "Pətçi" adlı pişiklə yenidən qovuşub. Sahibləri tapılmayacaq digər heyvanlar isə reabilitasiyadan sonra yeni ailələrə veriləcək.












