ABŞ-İran sazişi Yaxın Şərqdə qeyri-sabit dönüş nöqtəsi olacaq — Detallar

ABŞ-İran sazişi Yaxın Şərqdə qeyri-sabit dönüş nöqtəsi olacaq — Detallar

ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən ABŞ-İran çərçivə sazişi Yaxın Şərqdəki son münaqişədə dramatik, lakin qeyri-sabit bir dönüş nöqtəsi hesab oluna bilər. Diplomatiya sahəsində irəliləyiş kimi qiymətləndirilsə də, daha dərindən araşdırma bunun dayanıqlı sülhdən çox, müvəqqəti atəşkəs və 60 günlük danışıqlar pəncərəsi olduğunu göstərir. Razılaşmanın uğuru qarşılıqlı inamsızlıq, rəqabət aparan regional gündəliklər və açıq şəkildə parçalanmış ABŞ-İsrail münasibətlərindən asılıdır.

Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib. Ekspert bildirib ki, əldə olunan anlaşmanın əsası dar şəkildə müəyyən edilib. Bura 60 günlük zərbələrin dayandırılması, Hörmüz boğazının yenidən açılması və ABŞ-ın İrana dəniz blokadasının ləğvi daxildir.

Onun sözlərinə görə, münaqişənin əsas kökündə dayanan fundamental problemlər hələ həllini tapmayıb: "Bu, açıq şəkildə sülh müqaviləsi deyil, sadəcə bir anlaşma memorandumudur. İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, sanksiyaların tamamilə ləğvi və rəsmi Tehranın dondurulmuş aktivlərinin taleyi növbəti mərhələyə təxirə salınıb. İran rəsmiləri də bəyan edirlər ki, onların öhdəliklərə tam əməl etməsi ABŞ-ın ilk növbədə öz vədlərini, yəni blokadanın qaldırılması və sanksiyaların real yumşaldılması şərtlərini necə yerinə yetirəcəyindən asılıdır. Bu 'əvvəl siz addım atın' mövqeyi tərəflər arasındakı dərin inamsızlığı əks etdirir və gəmilərin hərəkəti bərpa olunsa belə, daha geniş nüvə danışıqlarının hər an dalana dirənə biləcəyini göstərir".

Ekspert qeyd edib ki, boğazın açılması elan edilsə də, proses dərhal baş verməyəcək və bu addım bazara daha çox psixoloji təsir göstərir: "Müharibədən əvvəl dünya neftinin və maye qazının təxminən 20 faizi məhz Hörmüz boğazından daşınırdı. Trampın sazişdən dərhal sonra səsləndirdiyi 'Sülh gəmiləri, mühərrikləri işə salın' bəyanatı qlobal enerji bazarlarına dərhal təsir etdi və neft qiymətləri qısa müddətdə 4 faizdən çox ucuzlaşaraq bir barel üçün təxminən 84 dollara düşdü. Lakin sularda minaların təmizlənməsi, logistik infrastrukturun bərpası və sığorta təminatlarının tənzimlənməsi həftələr, bəlkə də aylar tələb edəcək. Odur ki, hazırkı müsbət effekt sadəcə ani tədarük qorxusunu azaldır".

Onun sözlərinə görə, sazişin elan olunması fonunda Vaşinqton və Tel-Əvivin müharibə məqsədlərindəki köklü fərqlilik ictimai müstəviyə çıxıb: "Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya qarşı yönələn sərt və birbaşa ittihamları, xüsusən də İsrail tərəfini sənədin imzalanmasına cəmi bir saat qalmış Beyruta 'lazımsız' hərbi zərbə endirməkdə qınaması xüsusi diqqət çəkir.

Tramp Netanyahunun bu addımını 'sağlam düşüncədən uzaq' adlandırıb. İsrail üçün əsas hədəf Hizbullah təhlükəsini tamamilə sıfırlamaq və İranın regional təsir imkanlarını çökdürmək olduğu halda, Tramp üçün qlobal enerji qiymətlərini aşağı salacaq və ona daxili siyasi arenada böyük diplomatik qələbə qazandıracaq saziş daha önəmlidir. Beyrut zərbəsindən sonra ABŞ, Qətər və Pakistan diplomatlarının İranın İsrailə verə biləcəyi cavab reaksiyasını əngəlləmək üçün saatlarla gərgin iş aparması bu masanın nə qədər kövrək olduğunu sübut etdi".

Ekspert qeyd edib ki, rəsmi Tel-Əviv bu razılaşmanı region üçün ciddi bir təhdid və sadəlövhlük kimi dəyərləndirir: "İsrail rəhbərliyi, xüsusən İranın hərbi rəsmilərinin təhdidlərin ABŞ-ı danışıqlara məcbur etməsi barədə bəyanatlarından sonra bu memorandumu təhlükəli hesab edir. Rəsmi Tel-Əviv bu 60 günlük müddətin İrana sadəcə nüvə proqramını gizlicə irəlilətmək üçün zaman qazandıracağını düşünür. Bu səbəbdən İsrail tərəfi gələcəkdə birtərəfli hərbi addımlar atmaq məcburiyyətində qala bilər və hətta sazişi ABŞ Konqresindəki imkanları vasitəsilə hüquqi cəhətdən bloklamağa, yaxud qabaqlayıcı zərbələrlə prosesi tamamilə pozmağa çalışacağı riski olduqca yüksəkdir".

Onun sözlərinə görə, regional güc balansında Pakistan və Qətər kimi yeni oyunçuların önə çıxması və rəsmi imzalanma üçün neytral məkan olaraq İsveçrənin seçilməsi prosesin miqyasını göstərir, lakin 60 günlük müddət bir çox sualları cavabsız qoyur: "Önümüzdəki iki ay ərzində həllini tapmalı olan bir sıra kritik suallar açıq qalır. Məsələn, 60 gün ərzində yekun sülh sazişi imzalanmasa, 61-ci gündə nəyin baş verəcəyi məlum deyil, çünki sənəddə hər hər hansı ehtiyat plan yoxdur və bu, müharibənin dərhal bərpası deməkdir. Eyni zamanda, İranın əlində nə qədər zənginləşdirilmiş uran saxlaya biləcəyi və hansı beynəlxalq monitorinq rejiminin tətbiq olunacağı kimi mürəkkəb texniki nüvə detalları da bu qısa müddətə sıxışdırılıb. Tehran rəhbərliyi sanksiyaların yumşaldılmasını ləng hesab edərsə, Hörmüz ətrafında gərginliyi yenidən artıra bilər".

Ekspert yekunda qeyd edib ki, ABŞ-İran çərçivə sazişi ən yaxşı halda aktiv döyüşləri müvəqqəti dayandıran və dünya iqtisadiyyatına nəfəs verən taktiki bir fasilədir: "Bu saziş nüvə böhranını kökündən həll etmir. İndi silahlardan atəş açılmır, lakin altda yatan barıt çəlləyi tam gücü ilə yerində qalır. Neft bazarlarındakı ucuzlaşma bəşəriyyətin sülh ümidini, Tramp-Netanyahu davası isə acı reallığı əks etdirir".

Tunar,

NOCOMMENT.az