ABŞ Ukraynanı seçim qarşısında qoydu: Öncə sülh, sonra isə…

ABŞ Ukraynanı seçim qarşısında qoydu: Öncə sülh, sonra isə…

ABŞ Dövlət katibi Marko Rubio Avropa müttəfiqlərinə bildirib ki, Vaşinqton əvvəlcə Ukrayna ilə sülh sazişinin bağlanmasına, yalnız bundan sonra isə uzunmüddətli təhlükəsizlik təminatlarının müzakirəsinə üstünlük verir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico Avropa diplomatlarına istinadla məlumat yayıb.

Məlumata görə, bu yanaşma son bir həftə ərzində ABŞ-nin Kiyevə təqdim etdiyi təkliflərin əsasını təşkil edir.

25 noyabrda Avropa liderləri ilə telefon danışığı zamanı Rubio qeyd edib ki, Prezident Donald Tramp Ukraynaya “təhlükəsizlik hissi” verəcək təminatlar barədə danışıqlara hazırdır.

Rubio əlavə edib ki, təhlükəsizlik təminatları ABŞ administrasiyası üçün prioritet olaraq qalır və bu məsələ ayrıca müzakirə edilir. Diplomatların sözlərinə görə, həmin təminatları da əhatə edən təklif paketi artıq qismən razılaşdırılıb və ABŞ onu qısa zamanda rəsmiləşdirmək istəyir.

Politico-nun məlumatına görə, Rubio sözügedən razılaşmadan sonra həll olunmalı digər məsələlərə də toxunub.

Bunlara Ukraynanın ərazi bütövlüyünün qorunması və Avropa ilə ABŞ-da dondurulmuş Rusiya aktivlərinin gələcək taleyi daxildir.