Qarşılıqlı ittihamlar: Tərəflər “Pasxa atəşkəsi”ni pozmaqda bir-birini günahlandırır
Rusiya və Ukrayna arasında elan edilmiş “Pasxa atəşkəsi”nin (11 aprel saat 16:00-dan etibarən) qüvvəyə minməsindən qısa müddət sonra tərəflər bir-birini hərbi əməliyyatları davam etdirməkdə ittiham ediblər. Rusiyanın TASS dövlət agentliyi rəsmi Kiyevin atəşkəs rejimini pozaraq Xerson vilayətinin sol sahilində yerləşən Yeni Kaxovka şəhərinə zərbə endirdiyini bildirib. Məlumata görə, hücum nəticəsində bir mülki şəxs yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna tərəfi də buna bənzər ittihamlarla çıxış edib. Ukrayna mediası Rusiyanın Xerson vilayətinin sağ sahilini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutduğunu, həmçinin Xarkov vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini iddia edir. Xatırladaq ki, Vladimir Putin tərəfindən elan edilən bu atəşkəs təşəbbüsü aprelin 12-si günün sonuna qədər davam etməli idi, lakin cəbhə xəttindən gələn xəbərlər “sakitlik rejimi”nin kövrək olduğunu göstərir.
Sara,
NOCOMMENT.az












