Azərbaycanla əlaqəli orqan mafiyası araşdırılır - SENSASİON detallar

Azərbaycanla əlaqəli orqan mafiyası araşdırılır - SENSASİON detallar

Moskvanın Basman rayon məhkəməsində İsrail vətəndaşı Boris İqor Volfmanın cinayət dosyesi araşdırılır. Bu məhkəmə son 20 ildə dünyanın müxtəlif ölkələrini əhatə etmiş qanunsuz transplantasiya şəbəkəsinin fəaliyyətinə yenidən diqqəti cəlb edib. İsrail vətəndaşı Boris Volfman Rusiya istintaqçıları tərəfindən insan alveri və insanların sağlamlığına qəsdən ağır zərər vurulması ilə bağlı ittiham olunur.

NOCOMMENT.az xəbər verir ki, istintaqın versiyasına görə, o, 2006–2008-ci illərdə Kosovoda fəaliyyət göstərən transmilli orqan alveri şəbəkəsinin əsas əlaqələndiricilərindən biri olub. Boris Volfman isə ittihamları rədd edir.

Bu məhkəmə Azərbaycan üçün də təsadüfi maraq doğurmur. Çünki müxtəlif beynəlxalq istintaq materiallarında, İsrail prokurorluğunun sənədlərində və xarici və yerli media araşdırmalarında Azərbaycanın adı həmin şəbəkənin mümkün fəaliyyət istiqamətlərindən biri kimi çəkilir. Bu, Azərbaycanın cinayətkar sxemin coğrafiyasına daxil olduğunu sübut etmir. Ölkənin adının rəsmi istintaq materiallarında hallanması hüquq-mühafizə orqanları və jurnalistlər üçün araşdırılmalı olan ciddi suallar yaradır.

Frankenstein lakaplı Dr. Yusuf Erçin Sönmez' in; Kosova'da ölen askerlerin organlarını çalması, İstanbul'da yoksul ailelerle irtibat kurup topladığı böbrekleri İsraile göndermesi, savaş bölgelerinden küçük çocukları kaçırıp organlarını satması ve ...


2008-ci ilin noyabrında Kosovonun paytaxtı Priştina yaxınlığındakı "Medicus" klinikasına polis basqını Avropada qanunsuz transplantasiya tarixinin ən böyük cinayət işlərindən birini üzə çıxardı. İstintaqın materiallarına əsasən, maddi imkansız insanlar Rusiya, Moldova, Belarus, Qazaxıstan, Türkiyə və digər ölkələrdən Kosovoya gətirilirdi. Onlara böyrəkləri müqabilində böyük məbləğdə pul vəd edilir, lakin əməliyyatdan sonra əksəriyyəti nə vəd olunan məbləği ala bilir, nə də normal tibbi nəzarət görürdü.

Eyni zamanda, çıxarılan orqanlar İsrail, Almaniya, Kanada və digər ölkələrdən gəlmiş imkanlı xəstələrə yüz minlərlə avroya transplantasiya olunurdu. Bu sxem artıq ayrı-ayrı həkimlərin fəaliyyəti deyil, müxtəlif ölkələri əhatə edən peşəkar cinayətkar şəbəkənin mövcudluğunu göstərirdi.

Kosovoda klinikanın rəhbərliyi və bir sıra həkimlər məhkəmə qarşısına çıxarıldı. Lakin istintaq bunun yalnız görünən hissə olduğunu bildirirdi. Donorların tapılması, onların müxtəlif ölkələrdən daşınması, saxta sənədlərin hazırlanması, maliyyə axınlarının idarə olunması və transplantasiya prosesinin təşkilində çoxsaylı vasitəçilər iştirak edirdi.

İsrail hüquq-mühafizə orqanları hələ 2015-ci ildə Boris Volfman və daha bir neçə nəfər barəsində ittiham aktı hazırlamışdı. Sonrakı illərdə o, müxtəlif ölkələrdə gizlənib, İnterpol xətti ilə axtarışa verilib, Türkiyədə saxlanılıb və nəticədə Rusiyaya ekstradisiya olunub. Hazırda Moskvada baxılan cinayət işi həmin beynəlxalq şəbəkənin əlaqələrinin hüquqi müstəvidə araşdırıldığı ən mühüm proseslərdən hesab olunur.

İstintaqın diqqət çəkən məqamlarından biri də fəaliyyət coğrafiyasıdır. Şəbəkənin yalnız Balkanlarda deyil, Yaxın Şərqdə, postsovet ölkələrində və Cənubi Qafqazda da əlaqələr qurduğu iddia edilir. Məhz bu kontekstdə Azərbaycanın adı ilk dəfə beynəlxalq istintaq sənədlərində görünür.

İsrail prokurorluğunun 2015-ci ildə hazırladığı ittiham aktında şəbəkənin fəaliyyət göstərdiyi ölkələr sırasında Kosovo, Türkiyə və Şri-Lanka ilə yanaşı Azərbaycanın da adı qeyd edilir. Bununla belə, açıq məhkəmə sənədlərində Azərbaycanın hansı konkret rolu oynadığı barədə ətraflı məlumat verilmir.

Başqa sözlə, ölkənin adı çəkilsə də, konkret epizodlar və ya sübutlar ictimaiyyətə açıqlanmayıb. Lakin müxtəlif beynəlxalq araşdırmaların eyni istiqamətə işarə etməsi mövzunu aktuallığını qoruyan beynəlxalq təhlükəsizlik məsələsinə çevirir. Əslində, transmilli orqan alveri şəbəkələri fəaliyyət göstərdikləri ölkələri təsadüfi seçmirlər.

Beynəlxalq ekspertlərin fikrincə, belə cinayətkar qruplar sosial baxımdan həssas əhalinin yaşadığı, donor tapmağın asan olduğu, sərhədlərarası hərəkətin mümkün sayıldığı regionlara üstünlük verirlər. 2000-ci illərin əvvəllərində postsovet məkanının bir sıra ölkələri kimi Azərbaycan da insan alveri riskləri ilə bağlı beynəlxalq hesabatlarda yer alırdı. Bu amillər cinayətkar qrupların regiona marağını izah edən səbəblərdən biri kimi qiymətləndirilir.

Beynəlxalq qanunsuz transplantasiya şəbəkəsindən bəhs edilərkən Boris Volfman qədər diqqət çəkən digər fiqur türkiyəli transplantoloq Yusif Erçin Sönməzdir. Uzun illər Türkiyə və beynəlxalq mətbuatda "Doktor Vulture" ("Kərkəs doktor") və "Doktor Frankenşteyn" ləqəbləri ilə tanınan Sönməz müxtəlif ölkələrdə qanunsuz orqan transplantasiyası əməliyyatlarında iştirak etməkdə ittiham olunub. O isə bu ittihamların əhəmiyyətli hissəsini müxtəlif dövrlərdə qəbul etməyib.

A cruel harvest of the poor': Israeli allegedly behind human organ black market arrested in Cyprus - The Washington Post

Məhz bu məqam Boris Volfman işi ilə Azərbaycan arasında mümkün əlaqələrin araşdırılmasını daha da aktuallaşdırır. Çünki Yusif Sönməz 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərib.

Təxminən 15 il əvvəl "The Guardian" qəzetində dərc olunan araşdırmada kəşfiyyat mənbələrinə istinadən iddia edilirdi ki, Yusif Erçin Sönməz müəyyən müddətdə Bakıda böyrək transplantasiyası əməliyyatlarında iştirak edib. Həmin materialda Ukraynadan daxil olmuş məlumatlar əsasında Azərbaycan Baş Prokurorluğunun qanunsuz transplantasiya şəbəkəsi ilə bağlı araşdırma apardığı, müxtəlif ölkələrin vətəndaşlarının transplantasiya məqsədilə Azərbaycana gətirilməsi versiyasının yoxlanıldığı qeyd olunurdu.

Bununla yanaşı, Sönməz özü bu ittihamları müxtəlif vaxtlarda rədd edib. Bu məlumatların heç biri Azərbaycanın həmin transmilli şəbəkənin tərkib hissəsi olduğunu hüquqi baxımdan təsdiqləmir. Lakin onların müxtəlif ölkələrin istintaq materiallarında və media araşdırmalarında təkrar-təkrar hallanması diqqətdən kənarda qala bilməz. Azərbaycanda bu mövzu ilk dəfə beynəlxalq istintaqlardan sonra gündəmə gəlməyib. 2010-cu ildə "Yeni Müsavat" qəzeti əməkdaşlarının apardığı jurnalist araşdırması paytaxtda insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan vasitəçilərin fəaliyyət göstərməsini üzə çıxarmışdı.

Araşdırma zamanı jurnalistlər donor qismində çıxış edərək vasitəçilərlə əlaqə yaratmış, insan orqanlarının qiymətləri barədə danışıqları qeydə almışdılar. Reportaj dərc olunduqdan bir neçə gün sonra Ukrayna hüquq-mühafizə orqanları Azərbaycanla əlaqəsi olduğu bildirilən transmilli orqan alveri şəbəkəsinin üzvlərinin saxlanıldığını açıqlamışdı. Daha sonra Belarus tərəfi də oxşar məzmunlu məlumat yaymışdı. Həmin dövrdə Azərbaycana istintaq qrupunun ezam edildiyi barədə xəbərlər də yayılmışdı. Sonrakı araşdırmalarda Bakıda vasitəçilər vasitəsilə cəlb olunan insanların "Nur" klinikasına aparılması barədə məlumatlar əldə edilmişdi. Həmin materiallarda Yusif Erçin Sönməzin adı da çəkilirdi. Azərbaycanın adı beynəlxalq istintaq və Qərb mətbuatında təkcə Boris Volfman işi ilə deyil, ümumilikdə "Medicus" orqan alveri şəbəkəsi kontekstində də dəfələrlə hallanıb.

2017-ci ildə “Vaşinqton Post” qəzetində jurnalist Kayl Suinsonun müəllifi olduğu geniş araşdırmada Kosovodakı məşhur "Medicus" işi təhlil olunurdu. Məqalədə donorların əsasən Türkiyə və keçmiş SSRİ ölkələrindən toplandığı, imkanlı resipiyentlərin isə əsasən İsraildən gəldiyi göstərilirdi. Araşdırmada diqqət çəkən məqamlardan biri Avropa Birliyinin Kosovodakı xüsusi prokuroru Conatan Reytelin açıqlaması idi. Reytel bildirirdi ki, "Medicus" tək bir klinika olmayıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən daha geniş transplantasiya şəbəkəsinin hissəsi olub. Onun sözlərinə görə “Medicus” klinikası Yusif Sönməz, İsrail vətəndaşı Moşe Harel və digərlərinin idarə etdiyi klinikalar şəbəkəsindən biridir. “Biz bu cür klinikaları Azərbaycanda və başqa ölkələrdə müəyyən etmişik”, deyə Avropa Birliyinin Kosovodakı xüsusi prokuroru Conatan Reytelin açıqlamasında bildirmişdi.

Yeri gəlmişkən, Moşe Harel donorları tapan vasitəçi olub. O, 2010-cu ildən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərindən dolayı axtarışda olub və 2017-ci ildə yaxanlanıb. Moşe Harel də BorisVolfman kimi Rusiyada da axtarışa verilən canilərdən biri idi. Bir zamanlar “Medikus” məşhur Kosovo cərrahı Lütfi Dərvişi və onun oğlu Alban Dərvişi tərəfindən idarə olunub. Donorların bədəndən çıxarılması əməliyyatı isə Bakıda bir müddət fəaliyyət göstərmiş “Kərkəs doktor” ləqəbli Yusif Ersin Sönməz tərəfindən həyata keçirilib. Bu açıqlama uzun illərdir Azərbaycanla bağlı müzakirə olunan əsas beynəlxalq istinadlardan biri hesab olunur. Boris Volfman da, digər orqan alverçiləri də “Medicus”da qanunsuz fəaliyyətdə ittiham olunublar.

Beynəlxalq ekspertlərin fikrincə, qanunsuz transplantasiya bazarı adi kriminal biznesdən fərqlənir. Burada həkimlər, vasitəçilər, sənəd saxtalaşdıran şəxslər, donor toplayan qruplar, maliyyə təşkilatçıları və müxtəlif ölkələrdə əlaqələndiricilər eyni mexanizmin hissəsinə çevrilirlər. Donorların əksəriyyəti sosial cəhətdən həssas təbəqədən seçilir. Onlara yüksək məbləğdə pul vəd olunur. Lakin əməliyyatlardan sonra əksər hallarda nə vəd edilən ödəniş tam həyata keçirilir, nə də sonrakı tibbi nəzarət təmin olunur. Resipiyentlər isə bu orqanlar üçün dəfələrlə artıq vəsait ödəyirlər. Nəticədə milyonlarla dollar dövriyyəsi olan transmilli cinayət bazarı formalaşır. Boris Volfmanın məhkəməsinin əsas əhəmiyyəti yalnız bir şəxsin cinayət məsuliyyətinə cəlb olunması ilə məhdudlaşmır. Bu proses beynəlxalq orqan alveri şəbəkələrinin maliyyə axınlarını, logistikasını, müxtəlif ölkələrdəki əlaqələrini və indiyədək tam açılmamış epizodları üzə çıxara bilər.

Azərbaycan baxımından isə əsas maraq doğuran məsələ beynəlxalq istintaq sənədlərində və media araşdırmalarında ölkənin adının hansı konkret faktlara əsasən çəkilməsidir. Əgər Moskva məhkəməsində yeni sənədlər, şahid ifadələri və ya istintaq materialları açıqlanarsa, bu, uzun illər cavabsız qalmış suallara müəyyən aydınlıq gətirə bilər.\\musavat.com