ABŞ və İran arasında bir neçə saat sonra imzalanması gözlənilən tarixi sülh sazişi rəsmi Tel-Əvivin Livanın paytaxtına endirdiyi son zərbədən sonra növbəti dəfə iflas təhlükəsi ilə üz-üzə qalıb. Tehran rəhbərliyi yaranmış yeni hərbi gərginliyə görə Vaşinqtonu ittiham edərək geri addım ata biləcəyinə dair ciddi siqnallar verib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, İslamaabad danışıqlarında İran nümayəndə heyətinin rəhbəri, parlament (Məclis) spikeri Məhəmməd Baqir Qalibaf rəsmi Vaşinqtonun öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığını bəyan edib. Spiker İsrail ordusunun Beyruta təşkil etdiyi son hücuma görə ABŞ-ı birbaşa məsuliyyət daşımaqda ittiham edərək öz rəsmi hesabında bu sözləri yazıb:
"ABŞ-ın ya öz öhdəliklərini yerinə yetirmək üçün siyasi iradəsi yoxdur, ya da buna sadəcə gücü çatmır. İsrail rejiminə "yaşıl işıq" yandırmaqla, İrandan hər hansı güzəşt qopara bilməyəcəksiniz. "Yaxşı və pis polis" oyunu çoxdan dəbdən düşüb. Əgər götürdüyünüz öhdəlikləri yerinə yetirməyə nə iradəniz, nə də qabiliyyətiniz çatmırsa, onda bu yolu davam etdirməkdən danışmaq artıq qeyri-mümkündür".
Xatırladaq ki, İsrail ordusu (TSAHAL) Livandakı "Hizbullah" qruplaşmasının yüksək rütbəli rəhbərlərindən birini hədəf aldığını bəyan edərək Beyrut şəhərinə kəskin hava zərbəsi endirib. Siyasi analitiklər Qalibafın bu kəskin bəyanatını Tehranın masadan qalxmaq və atəşkəs prosesini tamamilə dondurmaq üçün son dəqiqə manevri kimi qiymətləndirirlər.
Sara
NOCOMMENT.az











