Təəssüf ki, xəbərdarlıqlarımız özünü doğruldur. Müharibənin yayıldığı əsas ərazilərdən biri bütün Qara dənizdir. Əvvəlcə onlar yalnız hərbi obyektləri, limanları və hərbi gəmiləri hədəf alırdılar. İndi isə bütün ticarət gəmilərinə fərq qoymadan zərbələr endirirlər.
NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna müharibəsini şərh edərkən qeyd edib.
"Bu vəziyyətdən Türkiyə bayrağı altında üzən gəmilər də təsirlənir. Biz bütün bu gəmiləri yaxından izləyirik. Hədəfə alınan Türkiyə gəmilərinin nisbəti hazırda hədəfə alınan digər gəmilərlə müqayisədə bir qədər az olsa da, mövcud vəziyyət bizi ciddi narahat edir.
Bu məsələ ilə bağlı prezidentimizə bəzi tədbirləri təqdim etdik və onları həyata keçiririk.
İctimaiyyətlə bölüşə biləcəyim şey budur: hər iki tərəfi bu sahədə moratorium elan etmək üçün mexanizm yaratmağa çağırdıq. Ukrayna tərəfinin artıq belə bir tələbi var idi və biz bunu rusiyalı həmkarlarımıza çatdırdıq. Hazırda onların cavabını gözləyirik”, - deyə Fidan əlavə edib.
Qeyd edək ki, Ukrayna və Rusiya son aylar Qara dənizdə ticarət gəmilərinə zərbələr endirir.











