Britaniyada Ermənistanla bağlı ŞOK: Rusiyaya ötürülmə riski araşdırılır

Britaniyada Ermənistanla bağlı ŞOK: Rusiyaya ötürülmə riski araşdırılır

Böyük Britaniya hökuməti Ermənistana yüksək texnologiyalı avadanlıq ixracı ilə bağlı ciddi narahatlıqla üzləşib. The Guardian qəzetinin apardığı araşdırmadan sonra britaniyalı Cygnet Texkimp şirkətinin Ermənistanla bağladığı müqavilənin yenidən yoxlanılması tələb olunub.

NOCOMMENT.az xəbər verir ki, söhbət karbon lifinin istehsalı üçün nəzərdə tutulmuş yüksək texnologiyalı avadanlığın ixracından gedir. Bu material həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bildiyindən “ikili təyinatlı məhsul” hesab olunur. Müqavilənin dəyərinin isə milyonlarla funt sterlinq olduğu bildirilir.

Araşdırmaya görə, avadanlığın alıcısı olan Rydena LLC şirkəti Ukraynada müharibə başladıqdan iki il sonra yaradılıb. Şirkətin təsisçiləri isə Rusiyanın müdafiə sənayesi ilə sıx əlaqələri olan Umatex şirkətinin keçmiş yüksək vəzifəli əməkdaşlarıdır. Umatex hazırda Rusiyanın hərbi-sənaye kompleksində mühüm rol oynayan və sanksiyalar altında olan əsas istehsalçılardan biri sayılır.

Ekspertlər hesab edirlər ki, bu əlaqələr sanksiyalardan yayınma və texnologiyaların dolayı yolla Rusiyaya ötürülməsi riskini artırır. Onların fikrincə, avadanlıqlar son nəticədə Rusiya hərbi sənayesinin ehtiyaclarına xidmət edə bilər.

Böyük Britaniya parlamentinin biznes məsələləri üzrə komitəsinin rəhbəri də məsələ ilə bağlı narahatlığını ifadə edib. O, hökuməti ixrac lisenziyası verilməzdən əvvəl hansı yoxlamaların aparıldığı barədə ictimaiyyətə açıqlama verməyə çağırıb.

Qeyd edək ki, müqavilə Ermənistana yönəlsə də, onun Ukrayna müharibəsi fonunda Birləşmiş Krallığın sanksiya siyasətinə zidd risklər yarada biləcəyi bildirilir.

Hazırda Britaniya hökuməti sözügedən ixrac əməliyyatının qanunvericiliyə və beynəlxalq sanksiya rejiminə uyğunluğunu yenidən nəzərdən keçirməyə hazırlaşır. Məqsəd mümkün qanun pozuntularının və texnologiyaların qeyri-qanuni ötürülməsinin qarşısını almaqdır.

Sara