Dağıstanda fövqəladə vəziyyət: Dörd kənd su altında qala bilər

Dağıstanda fövqəladə vəziyyət: Dörd kənd su altında qala bilər

Rusiyanın Dağıstan Respublikasının Gergebil rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilib ki, ötən gün Gergebil rayonunun rəhbəri Məhəmmədəli Tahirov fövqəladə hallar komissiyasının növbədənkənar iclasını keçirib. Qeyd edib ki, təbii fəlakət bölgəyə ciddi ziyan vurub. Məlumata görə, ərazidən keçən çayda suyun səviyyəsinin davamlı olaraq artması müşahidə edilir.

"Yaranmış şəraitdə fövqəladə vəziyyət rejimini elan etməkdən başqa çıxış yolumuz qalmır", - deyə o, açıqlamada bildirib.

Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bir sıra əlverişsiz hava hadisələrinin nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

Qeyd olunub ki, iyulun 7-də və 8-də Dağıstan ərazisində şiddətli yağışlar yağıb. Kəskin hava şəraiti elektrik enerjisinin verilməsində kütləvi fasilələrə səbəb olub. 48 yaşayış məntəqəsi işıqsız qalıb. Elektrik təchizatında yaranan nasazlıqlar təxminən 30 min insana təsir göstərib. Bundan əlavə, Sulak çayında suyun səviyyəsinin kritik həddə çatması səbəbindən Dağıstanın dörd yaşayış məntəqəsi su altında qalma təhlükəsi ilə üzləşib.