Fransanın şimal-şərqində yerləşən Lalik Muzeyində baş verən oğurluq nəticəsində təxminən 4 milyon avro (təxminən 7,8 milyon manat) dəyərində tarixi zinət əşyaları ələ keçirilib.
NOCOMMENT.az AFP-yə istinadən xəbər verir ki, istintaq məlumatlarına görə, hadisə bazar günü səhər saat 05:30 radələrində Vingen-sür-Moder şəhərində qeydə alınıb.
Oğru və ya oğrular muzeyə daxil olduqdan sonra birbaşa zinət əşyalarının nümayiş olunduğu zala üz tutublar.
İstintaqa yaxın mənbənin məlumatına görə, təxminən 20 ədəd zinət əşyası oğurlanıb. İlkin hesablamalara əsasən, dəymiş ziyanın məbləği 4 milyon avroya yaxın qiymətləndirilir.
Hadisə zamanı siqnalizasiya sistemi işə düşsə də, təhlükəsizlik şirkətinin əməkdaşları gələnədək oğrular hadisə yerini tərk ediblər. Muzeyə ilk daxil olan təmizlik işçisi baş verənləri aşkar edərək polisə məlumat verib.
Hazırda hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini araşdırır və oğurluğu törədən şəxslərin axtarışını davam etdirir.
Muzey rəhbərliyi hadisədən sonra müəssisənin bir neçə gün ərzində ziyarətçilər üçün bağlı qalacağını açıqlayıb.
Qeyd edək ki, məşhur fransız şüşə və zərgərlik ustası Rene Lalikə həsr olunan muzey 2011-ci ildə Lalik şirkətinin istehsalat kompleksinin yaxınlığında fəaliyyətə başlayıb.
Xatırladaq ki, ötən ilin oktyabrında Parisdəki Luvr Muzeyində də yüksək dəyərli zinət əşyalarının oğurlanması Fransa muzeylərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirmişdi.











