GRU rəisinin müavininə sui-qəsd – ŞOK DETALLAR bilindi – FOTO

GRU rəisinin müavininə sui-qəsd – ŞOK DETALLAR bilindi – FOTO

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (keçmiş GRU) rəis müavini Vladimir Alekseyevə sui-qəsddə şübhəli bilinən Lyubomir Korbanın ötən ilin sonunda “Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror aktı törətmək məqsədilə” Moskvaya gəldiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Qurumun məlumatına görə, Korba Ukrayna SSR-in Ternopol vilayətində anadan olub, hazırda Rusiya Federasiyasının vətəndaşıdır.

Petrenkonun sözlərinə görə, FSB və DİN ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində Moskva vilayəti ərazisində bu cinayətdə iştirak edən Viktor Vasin saxlanılıb. Hazırda onunla istintaq hərəkətləri aparılır.

Vasinə Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsi (hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd) və 222-ci maddəsi (qanunsuz silah dövriyyəsi) üzrə ittiham irəli sürülüb.

Petrenko bildirib ki, hadisə yerində aparılan baxış zamanı cinayət aləti – səsboğucu quraşdırılmış Makarov tapançası və üç patron aşkarlanıb. İstintaqın məlumatına görə, hücum edən şəxs generala ən azı üç dəfə atəş açıb və hadisə yerindən qaçıb. O, cinayəti törətdikdən bir neçə saat sonra Rusiya ərazisini tərk edib.

Bundan əlavə, iş üzrə 15-dən çox məhkəmə ekspertizası, o cümlədən genetik, daktiloskopik, trasoloji, molekulyar-genetik, fiziki-kimyəvi və digər ekspertizalar təyin olunub.

Məlumata görə, Moskvanın Zamoskvoreçye məhkəməsi Lyubomir Korbanın barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, fevralın 11-də Dubayda Vladimir Alekseyevə sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb. “İnterfaks”ın FSB-yə istinadən yaydığı xəbərə görə, saxlanılan şəxs 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Lyubomir Korbadır. FSB onu sui-qəsdin birbaşa icraçısı kimi təqdim edib. Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları Korbanı Rusiyaya təhvil verib.

Həmçinin, bu iş üzrə Moskvada 1959-cu il təvəllüdlü Viktor Vasin saxlanılıb. İşdə adı keçən digər şəxs – 1971-ci il təvəllüdlü Zinaida Serebritskaya isə Ukraynaya getdiyi bildirilib.

Qeyd edək ki, general-leytenant Vladimir Alekseyevə sui-qəsd fevralın 6-da səhər saatlarında Moskvanın Volokolamsk şossesində yerləşən yaşayış binasının girişində baş verib. Ona bir neçə dəfə atəş açılıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fevralın 7-də generalın əməliyyatdan sonra özünə gəldiyi açıqlanıb.