Gümrü meri Vardan Qukasyana qarşı yeni cinayət işi açılıb

Gümrü meri Vardan Qukasyana qarşı yeni cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi tərəfindən Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, o, hüquq-mühafizə orqanı əməkdaşına hücum edib və onun xidməti vəzifələrini icra etməsinə əngəl yaradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni mediası idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Mayın 27-də Vardan Qukasyan məhkəmə iclası bitdikdən dərhal sonra mətbuat nümayəndələrinin suallarını cavablandırmağa çalışıb. V.Qukasyan polis əməkdaşının təqsirləndirilən şəxslər üçün nəzərdə tutulan kameraya getmək barədə qanuni tələbini rədd edib. Ardınca polis əməkdaşı V.Qukasyanı müşayiət etməyə cəhd göstərdikdə, o, polisə qarşı zorakılıq və fiziki güc tətbiq edərək vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə edib", - deyə rəsmi açıqlamada bildirilib.

Müstəntiqin təqdim etdiyi vəsatət əsasında nəzarətçi prokuror tərəfindən Vardan Qukasyana qarşı Cinayət Məcəlləsinin 452-ci maddəsinin 3-cü hissəsində (vəzifəli şəxsin qanuni xidməti fəaliyyətinə müdaxilə) nəzərdə tutulan əməllərə görə cinayət işi başlanılıb.

Qeyd edək ki, 20 oktyabr 2025-ci ildə təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasına gələrək axtarış tədbirləri həyata keçirib. Bir müddət sonra Ermənistanın Antikorrupsiya Komitəsi rüşvət işi üzrə aparılan araşdırmalar çərçivəsində aralarında Qukasyanın da olduğu 8 nəfərin saxlanıldığını elan edib. Məhkəmə qərarına əsasən, Qukasyan barəsində həbs qətimkan tədbiri seçilib. İyunun 5-də isə siyasətçi ölkədə hakimiyyəti zorla ələ keçirməyə hazırlıq görməkdə ittiham olunub./Oxu.Az/