Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, amerikalılar və iranlılar yenidən danışıqlara başlayıblar. Onun sözlərinə görə, ümidli olmaq üçün bir çox səbəb var və xüsusilə nüvə məsələsi ilə bağlı nəticə əldə olunacağına ümid edilir.
“Digər tərəfdən, hərbi fəaliyyətin də artdığını müşahidə edirik. Bu fəaliyyət davam edən danışıqlara təzyiq göstərmək məqsədi daşıyır, yoxsa əvvəlcədən qərar verilmiş hərbi əməliyyata hazırlıqdır? Biz bunu yaxından izləyirik. Arzumuz tərəflərin hərbi əməliyyatlara və ya müharibəyə ehtiyac olmadan danışıqlar yolu ilə həll tapmasıdır. Hazırda məhz bu kritik həddəyik”, – deyə o bildirib.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan politoloq Xəyal Bəşirov qeyd edib ki, günlərdir dünya ictimaiyyətini düşündürən əsas sual ABŞ-nin İrana hücum edib-etməyəcəyidir:
“Şəxsən mən ABŞ-nin İrana hücum edəcəyini düşünmürəm. ABŞ Venesuelada müəyyən əməliyyatlar həyata keçirsə də, bu ölkə ilə total müharibəyə getmədi. Bununla belə, bu, Vaşinqtonun İranda da eyni ssenarini təkrarlayacağı anlamına gəlmir. Çünki İran Venesuela deyil və ABŞ burada daha ehtiyatlı davranmağa məcburdur.
Digər mühüm məqam isə ondan ibarətdir ki, Venesuela İran kimi coğrafi üstünlüyə malik deyil. Fars körfəzinə çıxışı olan İran bu faktordan istifadə edərək körfəz ölkələrinə qarşı müəyyən addımlar ata bilər. Həmin ölkələr dünya enerji bazarında strateji əhəmiyyət daşıyır və belə bir gərginlik təkcə ABŞ-yə deyil, bütün dünyaya təsir göstərə bilər.
O bildirib ki, İranın ABŞ-yə cavab verməyəcəyi ilə bağlı fikirlər də yanlışdır. Əksinə, İranın müqaviməti kifayət qədər güclü olacaq.
“Müharibə böyük xərc tələb edən məsələdir. ABŞ ordusu belə bir müharibəyə girsə belə, Vaşinqton ciddi maliyyə yükü ilə üzləşəcək. Məhz buna görə də ABŞ-nin İrana hücum ehtimalı real görünmür, – politoloq vurğulayıb.
Atilla Rzasoy












