Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

Hitlerin sonuncu pilotu öldü: 81 təyyarə vurmuşdu

İkinci Dünya müharibəsində 81 təyyarə vurduğu bildirilən alman qırıcı pilotu Huqo Brox 104 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstriyanın aviasiya sahəsinə həsr olunmuş Austrian Wings jurnalı məlumat yayıb.

İkinci Dünya müharibəsi illərində Almaniya Hərbi Hava Qüvvələrinin (Lüftvaffe) pilotu olan Huqo Brox əsasən Şərq cəbhəsində döyüşüb. Rəsmi məlumatlara görə, o, müharibə dövründə 81 düşmən təyyarəsini vurub.

Müharibədən sonra Brox Böyük Britaniya qüvvələri tərəfindən əsir götürülüb. Lakin qısa müddət sonra azadlığa buraxılıb və Almaniyada aviasiya ilə əlaqəsi olmayan özəl sektorda fəaliyyət göstərib.

Almaniyanın Bild nəşrinin yazdığına görə, veteran son illərinə qədər müxtəlif anım tədbirlərində iştirak edib, müharibə ilə bağlı xatirələrini bölüşüb, xalqlar arasında barışığın vacibliyindən danışıb və müharibənin ağır nəticələrini xatırladıb.

2017-ci ildə, 95 yaşında olarkən, Brox Böyük Britaniyanın əfsanəvi Spitfire qırıcısında ikinci pilot kimi uçuş edib. Həmin hadisə Britaniya mediasında Almaniya ilə Böyük Britaniya arasında barışığın rəmzi kimi təqdim olunmuşdu./Musavat.com/