İran diktə edir, Tramp geri çəkilir: İslamabadda həlledici 24 saat

İran diktə edir, Tramp geri çəkilir: İslamabadda həlledici 24 saat

Şənbə günü Pakistanın paytaxtı qlobal diplomatiyanın mərkəzinə çevrilib. ABŞ və İran nümayəndə heyətlərinin İslamabada gəlişi ilə bölgədəki dağıdıcı müharibəni dayandıra biləcək və ya daha böyük eskalasiyaya yol açacaq tarixi danışıqlar başlayıb. Şəhər faktiki olaraq mühasirə vəziyyətinə gətirilib, gücləndirilmiş polis mühafizəsi altında keçirilən qapalı görüşlərdə həftə əvvəlində elan edilmiş “kövrək atəşkəsin” taleyi həll olunur.

NOCOMMENT.az xəbər verir ki, Ağ Ev danışıqlara vitse-prezident Cey Di Vens, xüsusi elçi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşnerdən ibarət “ağır artilleriya” göndərib. İran isə parlament spikeri Məhəmməd Bağır Qalibafın rəhbərliyi ilə 71 nəfərlik nəhəng heyətlə təmsil olunur. Danışıqlar başlamazdan öncə artıq Tehranın ilk diplomatik qələbəsini qazandığı bildirilir; “Reuters”in məlumatına görə, ABŞ İranın Qətər və digər ərəb ölkələrində dondurulmuş aktivlərini sərbəst buraxmağa razılıq verib.

Buna rəğmən, gərginlik pik həddədir. Donald Tramp “New York Post”a müsahibəsində aviadaşıyıcıların ən yaxşı döyüş sursatları ilə yükləndiyini deyərək, “razılaşma olmasa, onlardan effektiv istifadə edəcəyik” xəbərdarlığını edib. Pakistanın baş naziri Şahbaz Şərif tərəfləri masa arxasında saxlamaq üçün bütün gecəni işlədiyini vurğulayıb. İndi bütün dünyanın diqqəti yaxın 24 saat ərzində İslamabaddan gələcək xəbərdədir: ya böyük sülh sazişinin çərçivəsi cızılacaq, ya da Yaxın Şərq yeni zərbə dalğası ilə sarsılacaq.

Əli SƏFƏRLİ,
NOCOMMENT.az