İran son onilliklərdə ilk dəfə olaraq özünün yaratdığı və illərdir idarə etdiyi proksi şəbəkəsində açıq idarəetmə böhranı ilə üz-üzə qalıb. Bu barədə yüksək vəzifəli iranlı rəsmilərdən birinin The Daily Telegraph qəzetinə verdiyi etirafda qeyd olunur.
Rəsmiyə görə, Yəməndəki husilər artıq Tehranın nəzarətindən çıxıb, İraqdakı şiə silahlı dəstələri isə getdikcə daha çox şəkildə İranın göstərişlərini görməməzliyə vururlar. Bu isə 40 ildən artıq müddətdə regiondakı təsirini “etibarlı silahlı qruplar sistemi” üzərində quran Tehran üçün strateji zərbə hesab olunur.
Husilər artıq klassik proksi deyil
Uzun illər ərzində husilər “şiə müqavimət oxu”nun ən intizamlı, idarəolunan və Tehran üçün etibarlı qolu sayılırdı. İsrailin Qəzzada keçirdiyi əməliyyatlardan sonra komandanlıq boşluğu yaşayan HƏMAS-dan və ardıcıl hədəfli zərbələr nəticəsində rəhbərlik itkisi yaşayan “Hizbullah”dan fərqli olaraq, husilər döyüş qabiliyyətini və müstəqil iqtisadi dayaqlarını qoruyub saxlamışdılar.
Hazırda onlar yenə də paytaxt Sana üzərində tam nəzarət edir, vergi yığır, öz valyutalarını dövriyyəyə buraxır, qaçaqmalçılıqla məşğul olur və Afrikadakı silahlı qruplara silah satırlar. Yəni husilər uzun müddətdir ki, sadəcə “proksi qüvvə” olmaqdan çıxaraq faktiki olaraq müstəqil hakimiyyət strukturu kimi fəaliyyət göstərirlər. Bununla belə, onlar hələ də Tehran tərəfindən koordinasiya olunan regional sistemin tərkib hissəsi sayılırdılar.
Sistem hansı anda dağıldı?
Bu proksi sisteminin çökməsi 2024-cü ilin aprelində başladı. ABŞ, Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və beynəlxalq yük daşımalarına qarşı hücumlarına cavab olaraq, onların mövqelərinə genişmiqyaslı hava zərbələri endirdi. Məhz həmin vaxt Tehran ABŞ-la birbaşa qarşıdurmadan çəkinərək husilərə hərbi dəstək göstərməkdən imtina etdi.
Bu addım husilərin Tehran üzərindəki asılılığını daha da zəiflətdi və onların öz müstəqil siyasi-hərbi kursunu formalaşdırmasına şərait yaratdı. Nəticədə İranın illərlə üzərində qurduğu proksi nizamı dağılmağa başladı.
Hazırda həm Yəməndə, həm də İraqda baş verənlər göstərir ki, İranın regiondakı “xarici əl” strategiyası əvvəlki kimi işləmir və Tehranın təsir imkanları ciddi şəkildə məhdudlaşır.
Tural Qafar,
Xüsusi olaraq NOCOMMENT.az üçün












