Fransanın cənub-şərqində yerləşən Oranj şəhərində dəhşətli hadisə baş verib.
NOCOMMENT.az xəbər verir ki, 32 yaşlı qadın evdə doğuş etdikdən sonra qarın ağrıları səbəbindən xəstəxanaya aparılıb. Qadın xəstəxanaya yerləşdirildikdən sonra evdə qalan həyat yoldaşı, aralarında mübahisəyə səbəb olan karton qutuları açıb.
Qutuların içərisində uzun müddətdir saxlanıldığı ehtimal edilən və yüksək dərəcədə çürümüş beş körpənin meyiti aşkar edilib.
Fransa mətbuatının məlumatına görə, körpələrin qalıqları bir plastik torbanın içində olub. Kişinin həmin torbanı xəstəxanaya apardığı, tibb işçilərinin isə dərhal polisə məlumat verdiyi bildirilir.
Cütlüyə yaxın mənbələrin iddiasına əsasən, qadın bundan əvvəl üç uğursuz hamiləlik keçirib. Onların yeni doğulan körpəsindən başqa, 8 və 12 yaşlı iki övladının da olduğu qeyd olunur.
Hadisə ilə bağlı araşdırma aparan Karpantra Prokurorluğu faktın bütün istiqamətləri üzrə istintaqın davam etdiyini açıqlayıb. Qadın hazırda xəstəxanada müalicə olunur. İndiyədək hadisə ilə bağlı hər hansı saxlanılan və ya həbs edilən şəxs yoxdur.
Səlahiyyətli qurumlar tapılan qalıqların kimliyinin və ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizanın davam etdiyini bildiriblər. Manşet.az











