Macarıstanın yeni hökuməti ölkənin siyasi sistemini və konstitusiyasını kökündən dəyişdirəcək tarixi addım atıb. Keçmiş baş nazir Viktor Orbanın uzunmüddətli hakimiyyət dövrünə birdəfəlik son qoyacaq hüquqi islahatların icrasına başlanılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın nüfuzlu "Telex" nəşri məlumat yayıb.
Məlumata görə, Macarıstanın hazırkı baş naziri Peter Madyarın seçkiönəsi verdiyi ən mühüm vədlərdən biri yerinə yetirilib. Belə ki, Madyarın rəhbərlik etdiyi "Tisza" partiyası ölkənin Əsas Qanununa (Konstitusiya) ediləcək düzəlişlərin ilk layihəsini təqdim edib.
Yeni konstitusiya dəyişikliyinə əsasən, Macarıstanda baş nazir mandatı maksimum iki müddətlə məhdudlaşdırılır.
Bu bəndin ən diqqətçəkən və tarixi tərəfi isə qanunun geriyə qüvvəsinin olmasıdır. Bu o deməkdir ki, yeni məhdudiyyət birbaşa olaraq eks-baş nazir Viktor Orbana da şamil edilir.
Qanunun qəbulu ilə Viktor Orbanın Macarıstanda yenidən baş nazir kürsüsünə əyləşmək ehtimalı hüquqi olaraq tamamilə qapadılır. Siyasi analitiklər bu addımı Macarıstanın demokratik təsisatlarının bərpası və uzunmüddətli təkadamlıq idarəçiliyin qarşısının alınması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az












