Başqa bir ölkənin məhkəməsinin, həm də öz vətəndaşları barədə qanunun tələblərinə uyğun həbs cəzası şimal ölkəsində niyə narahatlıq yaradıb?
Bakıda SSRİ və Azərbaycan SSR-in bayraqları ilə çəkilmiş fotolara görə dörd şəxsin həbs cəzası alması Rusiya mediasında kəskin reaksiyaya və qəreəzli mövqelərə səbəb olub. Belə ki, Azərbaycan hakimiyyətinin “sovet irsinə münasibəti tənqid edilib” və bu kontekstdə Moskva-Bakı münasibətləri müzakirəyə çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiyanın “Svobodnaya Pressa”("SP") nəşri Nizami Rayon Məhkəməsinin verdiyi hökmdən yazıb. Yada salaq ki, Bakıda Sovet bayraqları ilə keçirilən yürüşün iştirakçılarına bu həftə hökm oxunub. Hökmə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham edilib.
Başqa bir ölkənin məhkəməsinin, həm də öz vətəndaşları barədə qanunun tələblərinə uyğun həbs cəzası verməsi ilə bağlı nəşrə Cənubi Qafqaz üzrə ekspert Andrey Areşevin danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Şuşada keçirilən beynəlxalq media forumda sovet dövrünü “müstəmləkəçilik dövrü” kimi xarakterizə edən fikirləri xatırladıb. Rusiya nəşri bununla bağlı sovet keçmişinə münasibətin sərtləşməsini tənqid edən yanaşma ortaya qoyub.
Məqalədə hətta Rusiya rəhbərliyinin sovet simvollarından istifadə etməsi yada salınır. Ekspert uğursuz müqayisə apararaq, Azərbaycanda SSRİ bayrağı ilə çəkilmiş fotolara görə insanların cəzalandırıldığı halda, Rusiya xarici işlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazısı olan geyimdə çəkilmiş fotosunun və Prezident Vladimir Putinin SSRİ bayrağı ilə görüntüləri olduğunu yada salıb.

“SP”nin məlum məqaləsində əsas suallarından biri isə “Moskvanın Bakının sovet irsinə münasibətinə niyə sərt reaksiya verməməsidir”. Andrey Areşevin sözlərinə görə, Rusiya Azərbaycanın daxili siyasətinə müdaxilə etmək niyyətində deyil. O, Moskvanın hazırkı mərhələdə Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı olmadığını da bildirib.
Ekspertin fikrincə, postsovet məkanında sovet keçmişindən uzaqlaşma prosesi yalnız Azərbaycana xas deyil və bir sıra keçmiş sovet respublikalarında müşahidə olunur. O, bunu “tarixin obyektiv gedişi” kimi qiymətləndirib.Məqalədə Azərbaycanla Rusiya arasında münasibətlərdə daha əvvəl də fikir ayrılıqlarının yaşandığı xatırladılır. “SP” bu məsələlər üzrə Moskvanın, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin reaksiyasının məhdud olmasına da diqqətə çatdırıb.

Məqalədə Azərbaycan-Rusiya münasibətlərinin iqtisadi və geosiyasi tərəflərinə də toxunulub. Nəşr Azərbaycanın Ukraynaya bilinən huminatar dəstəyini yenə “hərbiləşdirməyə” çalışılıb. Bununla yanaşı, Azərbaycanın Ukraynaya münasibəti və Bakının Kiyevlə əlaqələri də gündəmə gətirilib.
Azərbaycanın sovet irsindən uzaqlaşması və milli dövlətçilik xəttini ön plana çıxarması məsələsində “Türkiyə faktoru” da Rusiya mediasını narahat edib. “SP”nin eksperti guya obyektiv olmağa çalışaraq, “mənim fikrimcə, Azərbaycan hələ Osmanlı limanının bir hissəsinə çevrilməyib, birbaşa asılı vəziyyətə düşməyib. Türkiyə ilə Azərbaycanın asılılığı qarşılıqlıdır. Bəzi məsələlərdə, o cümlədən energetika sahəsində Bakı Ankaraya öz şərtlərini diktə edə bilər. Bakının Türkiyədən müstəqilliyinin yaxşı göstəricilərindən biri — Qərbdən yox — Türkiyənin düşmən münasibətdə olduğu İsraillə Azərbaycan arasında yaxşı əlaqələrin mövcudluğudur. Bakı Qafqazda müstəqil rol iddiasındadır və bu, yalnız Türkiyə ilə deyil, Rusiya ilə də koordinasiyanı nəzərdə tutur” deyib.
Məqalədə aşkar qərəzli məqamlar var və aydın olur ki, Rusiya üçün məsələ təkcə SSRİ bayrağı deyil. Bu simvol ətrafında gedən müzakirələrin arxasında Azərbaycanın sovet keçmişindən uzaqlaşması, Türkiyə ilə yaxınlaşması və özünü müstəqil regional güc kimi təsdiqləməsi dayanır.\\musavat.com












