Paşinyan komandası Kremlin hüzurunda: Ermənistanın ŞOK PLANI – Seçkidən sonra…

Paşinyan komandası Kremlin hüzurunda: Ermənistanın ŞOK PLANI – Seçkidən sonra…

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Moskvaya səfəri açıq şəkildə ölkədə gedən seçki kampaniyasının məntiqinə uyğunlaşdırılıb. İyunun 7-nə Ermənistan Milli Məclisinə seçkilər təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının mövqelərini möhkəmləndirmək, hökumət üzərində nəzarəti saxlamaq və parlament sədrinin postu da daxil olmaqla əsas vəzifələri qorumaq baxımından bu seçkilər prinsipial əhəmiyyət daşıyır. Əslində, söhbət Nikol Paşinyanın komandasının hakimiyyət rıçaqlarını əlində saxlamaq istəyindən gedir.

Bu baxımdan Moskvaya müraciət praqmatik addım kimi qiymətləndirilir. İrəvanın ümumi Qərbyönlü kursuna baxmayaraq, bu, məcburi taktiki manevrdir. Ermənistan Rusiya ilə münasibətlərin müvəqqəti normallaşdırılmasına və məhz Rusiyada yaşayan ən böyük erməni diasporunun dəstəyinə ehtiyac duyur.

Simonyanın Moskvaya əvvəlki səfəri 2021-ci ilin oktyabrında baş tutmuşdu. Onun Rusiya rəhbərliyi ilə münasibətləri mürəkkəb olaraq qalır. Moskva siyasi dairələrində Simonyan tez-tez açıq şəkildə anti-Rusiya ritorikası ilə çıxış edən erməni siyasi elitasının nümayəndəsi kimi qəbul edilir. Bununla yanaşı, rəsmi görüşlərdə spiker barışdırıcı mövqe nümayiş etdirir. Bu ziddiyyət İrəvanın hazırkı xarici siyasət xəttinin ikili xarakterini əks etdirir. Gərginliyin konturları Simonyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra yayılan press-relizlərdə və brifinqdə özünü göstərib.

Erməni nümayəndə heyətinə İrəvan siyasətçilərinin son vaxtlar “şimaldan hücum təhlükəsi”, KTMT-dən gələn “ekzistensial təhdid” və iki ölkə arasında etimadsızlıq yaradan qüvvələr barədə açıqlamaları xatırladılıb. Moskva bu ritorikanın nəticəsiz qalmayacağını açıq şəkildə bildirib. Həmçinin Ermənistan Apostol Kilsəsi ətrafındakı vəziyyət müzakirə olunub. Simonyan kilsəyə qarşı təzyiqlər olarsa, şəxsən müdaxilə etməyə hazır olduğunu desə də, ruhanilərə qarşı cinayət işlərinin yalnız hüquqi əsaslara bağlı olduğunu vurğulayıb.

Hazırda Ermənistanda dörd yepiskop həbsdədir, yeddi nəfər isə ölkəni tərk etməmək öhdəliyi ilə azadlıqdadır. Moskva üçün bu məsələ yalnız dini deyil, həm də siyasi-simvolik xarakter daşıyır. Lavrov faktiki olaraq daha əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən səsləndirilən mövqeni təkrarlayıb və Rusiyanın Ermənistanın “suveren seçiminə” hörmət etdiyini bildirib. Bu fikir Moskvadan gələn incə mesaj kimi qiymətləndirilir. Kreml İrəvanın istənilən xarici siyasi kursu ilə barışmağa hazırdır, lakin qarşılıqlı maraqların nəzərə alınmasını gözləyir.

Federasiya Şurasının sədri Valentina Matviyenko da “əsrlər boyu davam edən dostluq ənənələrinin” əhəmiyyətini vurğulayıb. Diplomatik ifadələrin arxasında isə konkret iqtisadi maraqlar dayanır. Rəqəmlər Moskva–İrəvan münasibətlərinin real əsasını göstərir. Avrasiya İnkişaf Bankının araşdırmasına görə, anti-Rusiya sanksiyalarından yan keçməklə ən çox qazanan ölkələr arasında Ermənistan və Qırğızıstan ön sıralardadır.

Xüsusilə Ukraynada müharibə başlayandan sonra Rusiyaya avadanlıq, texnoloji komponentlər və cihazların ixracı kəskin artıb. Bunun nəticəsində 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi rekord həddə – 11,7 milyard dollara çatıb. Beləliklə, Ermənistan tranzit və vasitəçi mərkəzə çevrilib. Moskva üçün bu, iqtisadi bufer, İrəvan üçün isə gəlir mənbəyidir. Simonyanın səfəri Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına yaxınlaşmaq istəyini yenidən gündəmə gətirib. Lavrov mümkün Aİ üzvlüyünün Aİİ ilə uyğun gəlmədiyini xatırladıqda, Simonyan İrəvanın inteqrasiyadan çıxmaq niyyətində olmadığını və hamı üçün məqbul formul tapmağa çalışdığını bildirib.

Bu strategiya uzunmüddətli diplomatik oyunun tərkib hissəsidir. Ermənistan “uzun oyun” siyasəti yürüdür. İki blokla paralel əməkdaşlığın real mexanizmləri yalnız 2030-cu illərdə mümkün ola bilər. Həmin vaxta qədər həm Rusiyada, həm də Ermənistanda siyasi konfiqurasiya dəyişə bilər. Bu model müəyyən mənada Türkiyənin Avropa ilə münasibətlərini xatırladır. Yaxınlaşma prosesi uzun illərdir davam edir, lakin üzvlüklə nəticələnmir. Hətta Ermənistan Avropa İttifaqına üzv olmasa belə, hibrid əməkdaşlıq modeli quraraq hər iki istiqamətdən faydalana bilər.

Hazırkı mərhələdə Alen Simonyanın Moskvaya səfəri vaxt qazanmaq, gərginliyi azaltmaq və Şərqlə Qərb arasında manevr imkanlarını qorumaq cəhdi kimi qiymətləndirilir.

İrəvan nə Moskva ilə əlaqələri qırmaq, nə də Qərblə münasibətləri zəiflətmək istəyir. Bu səfər də məhz balanslaşdırılmış siyasətin tərkib hissəsidir.

Əli Səfərli,
NOCOMMENT.az