Kərim Xan vəzifədən uzaqlaşdırıldı - FOTO

Kərim Xan vəzifədən uzaqlaşdırıldı - FOTO

Beynəlxalq Haaqa Məhkəməsində misilsiz böhran yaşanır. Dünyanın ən mühüm hüquqi instansiyalarından olan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan (Karim Khan) ətrafında iki ilə yaxındır davam edən qalmaqal onun vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun rəhbər orqanı rəsmi məlumat yayıb.

Məlumata görə, qərar Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna Tərəfdar Dövlətlər Assambleyasının Bürosu (İcraiyyə Komitəsi) tərəfindən iyunun 8-də keçirilən xüsusi iclasda qəbul edilib. İclasda iştirak edən üzv dövlətlərin nümayəndələri səs çoxluğu ilə britaniyalı hüquqşünas Kərim Xanın səlahiyyətlərinin dayandırılmasına və onun vəzifəsindən kənarlaşdırılmasına səs veriblər.

Sözügedən sərt addımın atılmasına səbəb baş prokurora qarşı irəli sürülən ciddi cinsi təcavüz və xidməti mövqedən sui-istifadə iddiaları üzrə aparılan intizam icraatı və istintaq hesabatının yekunlaşması olub. BCM Bürosu bəyan edib ki, qərar Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri Ofisinin (OIOS) hesabatı, təqdim olunan sübutlar və məhkəmə ekspertləri panelinin rəyi əsasında formalaşdırılıb. Hesabatda Kərim Xanın öz köməkçisinə və tabeliyində olan qadın əməkdaşa qarşı qeyri-konsensual (məcburi) cinsi hərəkətlərə yol verdiyi və ciddi intizam pozuntusu törətdiyi qeyd olunur.

Məhkəmə tarixində ilk dəfə baş verən bu qərardan sonra prokurorun gələcək taleyi və tamamilə vəzifədən çıxarılması məsələsi yaxın vaxtlarda keçiriləcək BCM-in 125 üzv dövlətinin iştirak edəcəyi xüsusi assambleya sessiyasında gizli səsvermə yolu ilə həll olunacaq. İttihamları qətiyyətlə rədd edən və bəraət aldığını iddia edən Kərim Xan isə bu prosesin siyasiləşdirildiyini bildirir.